Mədəniyyətimiz böyük tarixə malikdir

Xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş mədəniyyət və incəsənət xadimlərimizin qayğısına qalmaqla yanaşı milli mədəni irsimizin qorunması və təbliği, eləcə də bu irsin zənginləşməsinə müxtəlif dövrlərdə töhfələr verən tanınmış simaların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Bu məqsədlə hələ SSRİ dövründə Ümümmilli Liderimizin təşəbbüsü və dəstəyi ilə həm paytaxt Bakıda, həm də respublikanın ayrı-ayrı bölgələrdə əzəmətli abidələr ucaldılıb. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid və Azərbaycan mədəniyyətinin bir çox digər klassıklərinin abidələri bu gün də şəhərlərimizin ümumi görkəminə xüsusi füsunkarlıq verir.

 

Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir.

Azərbaycanın ədəbi-bədii irsini dərindən bilən, onu bütün varlığı ilə sevən Ulu Öndər 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə etdiyi çıxışında demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” Ümummilli Lider Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün qətiyyətlə mübarizə aparmış, mədəniyyətimizin dünyada tanıdılmasını və təbliğ olunmasını hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Ulu Öndər 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında belə demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

Ümummilli Liderimizin təşəbbüsü və səyləri nəticəsində Azərbaycanda bir sıra mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Bu xatirə ev muzeylərinə hər il minlərlə tələbə, məktəbli, müxtəlif peşə və sənət sahibləri gəlir, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların həyat və fəaliyyətləri ilə yaxından tanış olur və bu dahi insanlarla qürur duyurlar.

 

Qürur hissi ilə vurğulamaq olar ki, bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçımızın istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılışında iştirakı, sənət xadimlərimizə göstərilən böyük qayğı, teatr və kino sənətinin inkişafı üçün imzalanan sərəncamlar, teatrlarımızın bərpa və yenidənqurma işlərinin müntəzəm olaraq nəzarətdə saxlaması, mədəniyyət xadimlərinə yüksək fəxri adların verilməsi və digər bu kimi tədbirlərin həyata keçirilməsi Heydər Əliyev ideyalarının ölməzliyinin və əbədiliyinin daha bir təsdiqidir. Milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin inkişafına yeni stimul, yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri isə sözsüz ki, işğaldan azad edilmiş qədim Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Bununla, Ulu Öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” - vəsiyyətini həyata keçirməyi bir məqsəd kimi, özünün həyat amalına çevirmiş Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın öz torpaqlarına da, öz mədəniyyətinə də sahib çıxmaq iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri