Məslək, qayə yoldaşı, sədaqətli silahdaş – Mehriban Əliyeva

26 avqust İctimai-siyasi fəaliyyəti, humanist addımları ilə bəşəri dəyərləri özündə birləşdirən, dünya qadın liderləri arasında yüksək intellekti, mədəniyyəti, diplomatik qabiliyyəti ilə seçilən, milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi dünya xalqları arasında təbliğ edən, səhiyyəmizə, təhsilimizə, uşaqlara, şəhid ailələrinə, veteranlarımıza daim diqqət və qayğı göstərən Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gün onun haqqında - qazandığı etibar, məhəbbət, ləyaqət, mərhəmət, xeyirxahlıq və vətənpərvərlikdən çox danışmaq olar. Türk-müsəlman dünyasının şəriksiz qadın lideri, ölkəmizin və xalqımızın rifahı naminə fəaliyyətini uğurla davam etdirən, təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası və ümumiyyətlə, bəşəriyyət üçün örnək işlər görən Mehriban Əliyeva ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilərkən cənab İlham Əliyev onun haqqında demişdir: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək. Bu təyinat münasibətilə onu təbrik edirəm və yeni uğurlar arzu edirəm".

Azərbaycanın Birinci vitse-prezidenti təyin edildikdən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial qayğısına, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etməsi bir milyon insan tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. Konkret işlərdə böyük qayğı və diqqət hiss edən insanlar Mehriban xanım Əliyevaya böyük inam, məhəbbət bəsləyirlər. Mehriban xanımın dövlətin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizədə keçmişin, gələcəyin hər dönəmində tarixin səhifələrinə, görkəmli insanların, böyük şəxsiyyətlərin həyat fəaliyyətlərinə nəzər salınır, mütərəqqi ideyalar təbliğ olunur, yaddan çıxmış, unudulmuş tarixin üzə çıxarılması və qorunması yolunda rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı, möhtəşəm layihələr həyata keçirilir. Milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı rolunu uğurla icra edən, qüdrətli ictimai təşkilat olan Fond Ümummilli lider Heydər Əliyev irsinin yeni nəslə öyrədilməsi, təbliğ olunmasında böyük nailiyyətləri ilə aparıcı rol oynayır. Qədim ənənələrimizlə bağlı multikultural dəyərlər, tolerantlıq Mehriban xanım Əliyevanın fəaliyyətində fədakarlıqla nümayiş olunur. Bu gün ictimai-siyasi həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Baxış bucağımızda Mehriban Əliyevanın mükəmməl obrazı artıq öz yerini tutub. Gördüyü işlərin həcmi olduqca müxtəlif məzmunlu, insan amili üçün zəruri, dövlətimiz üçün vacib şərtlərdir.

Bütün sahələrdə öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir. Bəli, xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban xanım Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Onun ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Xüsusi olaraq, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" adlı bukletlər və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı təqdim olunur.

Mehriban xanımın yüksək insani keyfiyyətləri ona həmişə başucalığı gətirib. Sənət adamları, müharibə veteranları, valideyn himayəsindən məhrum olan uşaqlar, əlil uşaqlar, şəhid ailələri, kimsəsiz, tənha insanlar Mehriban xanımı görəndə üzlərində isti bir təbəssüm görünür. Mehriban xanımın xoş və ürəkaçan sözləri onları həyata bağlayır. Həyata, insanlığa və insanlara ürəkdən yanaşması Mehriban xanıma böyük diqqət yaradıb. Məhz dünyanın insanlığa dəyər verən adamlarının da diqqətini bu xeyirxah xanıma çəkən əsas məqamlar onun xeyirxah, vətəncanlı olmasıdır. Bu mənada, biz Mehriban xanımın insan varlığında ictimai rəyə xüsusi görkəm verən böyük, saf əməllər kəşf etmişik.

44 günlük Qələbə soraqlı müharibə günlərində xalqımızla birlikdə hər günün Qələbə sevincini, hər həlak olan şəhidə kədərini bildirdi, qazilərə mərhəmətini, ana-bacılardan təsəllisini əsirgəmədi. “Sizin Mehriban” imzası ilə sosial şəbəkələrdə xalq ilə birlikdə müharibənin gedişini böyük həyəcan ilə izlədi, sakit, səmimi sözləri ilə məlhəm oldu itkisi olan ailələrə. Şuşa işğaldan azad edilən gün Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident cənab İlham Əliyevlə Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etdi. 30 ildən sonra may ayında “Xarı Bülbül” musiqi festivalına rəhbərlik etdi, “Qarabağ Şikəstəsi”ni “Cıdır Düzü”ndə dinlədi. 2019 - cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən “Ən böyük arzum “Qarabağ Şikəstəsi”ni Qarabağda dinləməkdir!” - söyləmişdir.

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti bu gün göz qabağındadır. Fəxrlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənətə qayğıkeşliyi bu gün dövlət başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Biz bir çox nümunələr göstərə bilərik. Mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin inkişafı, Azərbaycanın dünyaya təqdim etdiyi Bakı prosesi və s. ancaq fikrimcə, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın tarixi və mədəni irsinin yenidən bərpası bu nümunələrin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Mehriban xanım qalib ölkənin qalib sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün, həyat yoldaşı olmaqla bərabər, onun məslək, qayə yoldaşı, həyat yolunu birlikdə addımlayan sədaqətli silahdaşıdır.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı