Millət vəkili yeni idman zalının açılışında - Foto

Goranboy rayonu Dəliməmmədli şəhərində yunan-roma güləşi üzrə yeni idman zalının açılışı olub. Açılışda Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, əməkdar məşqçilər və idmançılar iştirak edib. 

Sabahinfo.az xəbər verir ki, qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Diqqətə çatdırılıb ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Onu da qeyd edək ki, Güləş Federasiyasının dəstəyi ilə idman zalına güləş döşəyi təqdim olunub. Vurğulanıb ki, şəhərdə idman ifrastrukturunun daha da təkmilləşdirilməsi üçün digər zəruri tədbirlər də görüləcək.

Məşqçilər və gənc idmançılar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.