Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüşüb

Avqustin 25-də Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında keçirilən görüşdə 16 seçici iştirak edib. Onlardan arasında şəhid ailəsi və qazilər olub.

Görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı Məşhur Məmmədov tarixi Zəfərimizin Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edib. Bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş miqyas alması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Azərbaycan müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Məşhur Məmmədov qeyd edib ki, yaşadığımız bu sevincli günlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Şəhid ailələri və qazilərimiz daim dövlətin diqqət mərkəzindədir. Eyni zamanda, bu kateqoriyadan olan insanlara qayğı hər bir Azərbaycan vətəndaşının borcudur. Millət vəkili dövlətimizin siyasətində insan amilinə yüksək dəyər verildiyini önə çəkərək onların sosial müdafiəsinin prioritet olduğunu qeyd edib.

Görüşdə seçiciləri narahat edən məsələlərin bir qismi yerində həll edilib, bir qisminin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək gündəmə gətirdikləri məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər. Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.