Milli Məclisin sədri regiondakı mövcud vəziyyət barədə belçikalı naziri məlumatlandırıb

Milli Məclisin sədri Sahibə Qafarova avqustun 25-də ölkəmizdə səfərdə olan Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadja Lahbibin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, hazırda ölkəmizdə və regionda mövcud olan vəziyyət barədə qonağa məlumat verən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib.

Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra həyata keçirdiyi böyükmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz dogma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük qayıdış proqramına start verilib. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin pozulan hüquqları, onların öz dədə-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyət lazımi diqqəti göstərməyib, hətta bir çox hallarda laqeyd yanaşıb. Bu, ikili standartların göstəricisidir. Sahibə Qafarova deyib ki, bu ikili standartların bir çox səbəbləri var. Erməni lobbisi və təbliğatı, islamofobiya bu amillər sırasındadır.