Molla rejimi Azərbaycanın daxili sabitliyini pozmağa çalışır 

"Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi böyük Zəfər regionda yeni reallıqlar yaratdı. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Cənubi Qafqaz sülh, əmin-amanlıq və əməkdaşlıq regionuna çevriləcək. Azərbaycanın daxili sabitliyi, "Qarabağ münaqişəsi"nin keçmişdə qalması Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaradır". SABAHİNFO-AZ-ın xəbərinə görə bunu İctimai-siyasi fəal Anar Salehoğlu deyib. Onun sözlərinə görə,  cənub qonşumuz, fars-molla rejiminin hakim olduğu İran dövləti Azərbaycanın yüksək sürətlə inkişaf etməsini həzm edə bilmir: "Günü-gündən artan beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini dərindən narahat edir. Bunun bir neçə səbəbi var. İranın siyasi hakimiyyəti 40 milyonluq Azərbaycan xalqından ehtiyatlanır. Bu səbəbdən də onları müxtəlif "qayda-qanunlar" çərçivəsində yaşamağa məcbur edir. Məsələnin digər tərəfi isə Bütöv Azərbaycandır. Molla rejimi tarixi ədalətsizliklər üzündən vaxtilə parçalanan və bir-birindən ayrı düşən Şimali və Cənubi Azərbaycanın və vahid Azərbaycan xalqının bir gün birləşəcəyinin qarşısı alınması mümkün olmayan tarixi proses olduğunu dərk edir. Digər tərəfdən cənub qonşumuz Zəngəzur Dəhlizinin açılmasına göz yummaq istəmir. Bu dəhliz region dövlətlərinin və ümumiyyətlə dünyanın maraqlarına uyğun gəlir. İran da bundan öz maraqları çərçivəsində yararlana bilərdi. Ancaq molla rejimi prosesi ləngitmək istiqamətini seçməklə böyük məhrumiyyətlərlə üzləşəcək. Mənfur niyyətlərindən əl çəkməyən qonşumuz öz məqsədlərinə çatmaq üçün Azərbaycanın daxilində dini, ictimai və siyasi sabitliyi pozmaq, dini qarşıdurma yaradaraq, sonradan bunu vətəndaş qarşıdurmasına çevirməyə çalışır. Molla rejiminin nəyə nail olmaq istədiyi isə açıq-aşkar ortadadır. Ancaq bütün təzyiqlərə və təhdidlərə baxmayaraq heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Azərbaycan multikulturalizm prinsiplərinin ən yüksək nümunəsini özündə əks etdirən tolerant ölkədir. Bütün dinlərin, irqlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar arasındakı bağlar çox möhkəmdir. Bu milli birliyin göstəricisidir. Odur ki, heç bir qüvvə bu birliyə xələl gətirə, onu poza və zədələyə bilməz. Molla rejiminə də bunu dərk edərək haqqın yolunu tutmağı tövsiyə edirəm. Əks halda məğlub tərəf özü olacaq. Bizim milli birliyimiz və həmrəyliyimiz əbədidir, sarsılmazdır. Bunu heç kim unutmasın!!!"