Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvadakı üçtərəfli görüşü Bakı–İrəvan münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addımlardan biri idi. Doğrudur, Rusiya tərəfi bu görüşü Moskvanın regioana təsir imkanlarının genişliyi kimi təqdim etməyə çalışır. Amma unutmaq lazım deyil ki, Moskva görüşü Vaşinqton və Brüsseldə əldə edilmiş razılaşmanın ardı kimi qəbul olunur. Həmçinin Moskvada Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasına qonaq qismində qatılan Azərbaycan Prezidenti İlham Əliyevə üzv dövlətlər tərəfindən sərgilənən böyük diqqət müşahidələrdən yayınmadı. Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşdə səsləndirdiyi fikirlər aktual olaraq qalır. “Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın, nəhayət, sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir”, deyən dövlətimizin başçısı onu da vurğuladı ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Sülh üçün bütün imkanlar olsa da, Ermənistan və onun havadarları prosesi uzatmaqda maraqlı görünürlər. Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı addımlar İrəvanın Azərbaycanla münasibətləri yoluna qoymaq siyasətinə ciddi kölgə salır. Belə anlaşırılır ki, ya Ermənistanda xərcmərclikdir, ordu baş naziri saymır, ya da siyasi hakimiyyət məqsədli şəkildə çoxvektorlu siyasi xətt götürüb. Ermənistanın baş naziri Nikol Paşinyanın hər dəfə bir-birinə zidd fikir səsləndirməsi də sülhdən qaçmaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu ölkə Paşinyanın timsalında Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyanın məlum açıqlaması Qarabağdakı separatçıları olduqca məyus edib, onlar İrəvanla ultimatum dilində danışırlar. Görünən odur ki, bölgədə tezliklə sülhə nail olunmasını istəməyən qüvvələr var. Həmin güclər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istmərlər. Aydındır ki, problem həll olunarsa, bölgədə böyük güclərin hərbi, siyasi mövcudluğuna ehtiyac qalmayacaq. Bu gün erməni ictimaiyyətini Paşinyanın əleyhinə çevirməyə çalışırlar.Bu isə Paşinyanın ardıcıl, beynəlxalq hüquqa uyğun siyasət yeretməsinə mane olur. Onun Moskvadakı konfransda Azərbaycan Prezidenti ilə polemikaya girməsi də erməni ictimaiyyətinə hesablanmışdı. Düşünürdü ki, bəlkə də bu cür “cəsarətli” çıxışı ilə ermənilərin inamını əldə edə bilər. Maraqlıdır ki, Paşinyan Qərbdə keçirilən görüşlərdə üçtərəfli Bəyanata çox az halda istinad edir. Moskvada isə məlum sənəd onun çıxışının əsasını təşkil edir.
Görünən odur ki, müəyyən xarici qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasının müddətinin uzadılması üçün İrəvana təsir edirlər.
Qeyd etmək lazımdır ki, dövlətlərarası sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandandır. Onun sayəsində bir vaxt “Qarabağ Ermənistandır!” deyən Paşinyan bu gün “Qarabağ Azərbaycandır!” deyir.
Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.
Moskva görüşü həmçinin Azərbaycanın həm enerji, həm də nəqliyyat layihələrinə olan böyük diqqəti ortaya qoymuş oldu. Qeyd olundu ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Başqa sözlə ifadə etsək, bu gün Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə əməkdaşlığı, onların öz aralarında olan əməkdaşlıqdan daha güclüdür.
Cəbi Quliyev
Milli Məclisin deputatı