Müasir Azərbaycan dövlətçiliyinin mühüm səhifələrindən biri

30 il bundan əvvəl Azərbaycan xalqı çox çətin bir şəraitdə, Ulu Öndər Heydər Əliyevi ölkəni xilas etməyə, yenicə müstəqilliyini bərpa edən dövləti qorumağa, ona sahib çıxmağa dəvət etdi. Və bu seçimlə müasir Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Bu çox məsuliyyətli bir məsələ idi. Hətta Ümummilli Liderimiz özü bu vəziyyəti şərh edərkən bildirmişdir ki: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” Əlbəttə, o böyük əzmlə, fədakarlıqla, öz xalqına, dövlətinə sədaqəti ilə müstəqil Azərbaycanı qurdu. Hansı bir şəraitdə? Elə bir zamanda ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti nəticəsində ölkədə anarxiya, xaos, özbaşınalıq yaranmışdı. Ölkə iqtisadiyyatı çökmüş, əhalinin sosial durumu son dərəcə ağırlamışdı. Azərbaycan erməni işğalına məruz qalmışdı, xalq torpaqları qorumaq üçün müharibə aparırdı, dövlətimizi istəməyən qüvvələr, mövcud hakimiyyət ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Separatizm baş alıb gedirdi, ölkə parçalanmaq həddinə çatmışdı.
Məhz belə bir dövrdə, mürəkkəb şəraitdə 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli Lider Ali Sovetin sədri kimi ilk gündən Azərbaycanın tarixi parlamentarizm ənənələrini yenidən bərpa edərək aşkarlıq, demokratik prinsipinə üstünlük verdi. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, bir məktəbi idi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa olaraq televiziya ekranlarında birbaşa yayımlanırdı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Həmin ilin 24 iyun tarixli iclasda Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər deyirdi ki: “Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”. Əlbəttə ki, məqsəd nə qədər aydın idisə, buna nail olmaq isə bir o qədər çətin idi. Lakin təcrübəli, müdrik siyasətçi Heydər Əliyev ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayır, mövcud istiqamətdə davamlı islahatların reallaşdırırdı. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılaraq ölkədəki mövcud qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar olundu. Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Siyasi xəritədən silinmək üzrə olan Azərbaycana yenidən inkişaf və quruculuq mərhələsinə keçmək, iqtisadi, siyasi, hərbi islahatlar keçirmək üçün Azərbaycana onu sevən, xalqın tələb və istəyindən, onların problemlərindən xəbərdar olan və bu məsələləri həll etmək təcrübəsinə qadir olan şəxs lazım idi. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ümummilli Lider deyirdi ki: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. O, bu çətinliyin öhdəsindən gəlməyi bacardı və bugünkü güclü Azərbaycan, qalib Azərbaycan yarandı. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz həmin dövrdə Atəşkəsin elan olunması, tarixə “Əsrin müqaviləsi” kimi düşən mühüm sənədin imzalanması, ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamış, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdir. “Nə qədər Azərbaycan var, mən də olacam! ”- deyən Ümummilli Lider Heydər Əliyev canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirilir. Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti daha artır. Azərbaycan müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova