Müəllimə 19 il həbs verildi - Cinayətləri dərsdən sonra edirmiş

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qohumunu qətlə yetirərək yandıran 1986-cı il təvəllüdlü Elnur Hüseynovun məhkəməsi başa çatıb.

Sabahinfo.az xəbər verir ki, həbs edilənədək Göygöldə yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbdə fizika müəllimi işləmiş E.Hüseynova 19 il müddətinə həbs cəzası verilib.

Məhkəmə E.Hüseynovu Cinayət Məcəlləsinin ümumilikdə 9 maddəsi ilə (120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci) təqsirli bilib.

Bildirilib ki, Ağdərə rayonunun Çərəkdər kəndindən məcburi köçkün olan E.Hüseynov Göygöl rayonunun Çaykənd kəndində yaşadığı müddətdə 2019-2021-ci illərdə çoxsaylı vətəndaşlara (təxminən 10 nəfər) məxsus mal-qaranı oğurlayıb. O, 7 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən "Göyözən" kafesini qisas məqsədi ilə yandıraraq oranın sahibinə 40 min manatdan artıq ziyan vurub.

Bundan başqa o, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə birgə Çaykənd kəndində oğurluq etdiyi evi izi itirmək məqsədilə yandıraraq mənzil sahibinə 52 min manata yaxın ziyan vurub.

Həmçinin qeyd edilib ki, E.Hüseynov 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə arvadının xalası, iş adamı 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını da qəsdən öldürüb. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb. Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktında qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.

Qeyd edək ki, Elnur Hüseynovun ümumilikdə 18 cinayət əməli törətməsi məlum olub. Onun bu əməlləri işlədiyi məktəbdə dərsdən sonra, əsasən istirahət günləri növbəli olaraq mal-qara otardığı vaxt həyata keçirdiyi bildirilib./qafqazinfo