Naxçıvan Muxtar Respublikasının hüquqi statusu

2024-cü ildə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtar respublika kimi təsis olunmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunacaqdır.

Naxçıvanın muxtariyyəti tarixi zərurətdən irəli gəlmişdir. Belə ki, 1918-20-ci illərdə bölgədə baş çox mürəkkəb tarixi şəraitin yaranması, Zəngəzurun itirilməsi nəticəsində Naxçıvan torpağının Azərbaycandan ayrı düşməsi uzun illərdən bəri xarici havadarlarının köməyi ilə bu diyara sahib olmağı arzulayan erməniləri cəsarətləndirmişdir. Lakin Naxçıvanı Ermənistana birləşdirmək cəhdi yerli əhalinin kəskin etirazı ilə qarşılaşmışdır. 1921-ci ilin yanvar ayında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə referendum keçirilmiş, rəy sorğusunun nəticəsində əhalinin 90 faizi Naxçıvan diyarının Azərbaycan SSR-in tərkibində qalmasına tərəfdar çıxmışdır.

Naxçıvanın muxtariyyət statusu ilk dəfə 16 mart 1921-ci il tarixli Moskva müqaviləsində öz əksini tapmışdır. Həmin müqavilənin 3-cü maddəsinə görə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil edilir, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir. Analoji müddəa 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin 5-ci maddəsində də təsbit olunmuşdur. Moskva və Qars müqavilələri beynəlxalq hüquqi akt kimi Naxçıvan Muxtar Respublikasının gələcək mövcudluğunun və inkişafının təminatçısı oldu. SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR-in sonrakı konstitusion aktları bu beynəlxalq müqavilələri əsas götürdülər. Bu, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun “Azərbaycan SSR-in tərkibində muxtar Naxçıvan diyarının yaradılması haqqında” 1922-ci il noyabr tarixli qərarında da öz əksini tapmış və Birinci Zaqafqaziya Sovetlər qurultayının 12 dekabr 1922-ci il tarixli xüsusi qərarında tanınmışdı.

16 mart 1921-ci il tarixdə elan edilmiş Naxçıvan SSR Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 16 iyun 1923-cü il tarixli qərarı ilə Azərbaycanın tərkibində Naxçıvan diyarına çevrildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Diyarı muxtar respublika kimi yenidən təşkil olundu.

Azərbaycan SSR-in 1927-ci, 1937-ci və 1978-ci il konstitusiyalarında Naxçıvanın statusu ilə bağlı məsələlər öz əksini tapmışdı.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyasının Vlll fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının statusuna həsr olunmuşdur. Burada muxtariyyətin hüquqi statusu, onun ali orqanlarının strukturu və səlahiyyətləri barədə müddəalar öz əksini tapmışdır. Konstitusiyanın 134-cü maddəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir və Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvanın muxtariyyəti Azərbaycan Respublikasının unitar dövlət quruluşu formasına xələl gətirmir. Birincisi, Naxçıvanın muxtariyyəti ərazi muxtariyyətidir və bu status Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmamasından irəli gəlir. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. İkincisi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlanarkən Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları ilə bağlı əsas xüsusiyyətlər -  siyasi hüquq və azadlıqlar, vahid məhkəmə quruluşu, qanunvericiliyin vahid əsasları, vahid dövlət dili və dövlət rəmzləri, vahid vətəndaşlıq, vahid silahlı qüvvələr, vahid milli valyuta və maliyyə-kredit sisteminin tətbiqi nəzərə alınmışdır.

Bütün bunlar unitar dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının suverenliyinə təminat verməklə Konstitusiyada öz əksini tapmışdır. Azərbaycan dövlətçiliyinin vahidliyi həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyası normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikasında birbaşa hüquqi qüvvəyə malik olduğunu qeyd edir. Konstitusiyaya görə, Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir. Konstitusiya qanunları isə Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya Qanunu kimi ölkənin qanunvericilik sistemində daha üstün hüquqi qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi tarixi zərurətə çevrilmişdi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il 23 dekabr 1995-ci il tarixli 16-1 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradılmışdır. Komissiya yeni Konstitusiya layihəsini hazırlayaraq Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyaya təqdim etmişdir. Layihə burada 4 dəfə müzakirə edilmiş, Avropa Şurasının, Venesiya Komissiyasının və Avropa Komissiyasının ekspertizalarından keçmişdir. Layihənin son variantı Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın sədri, Prezident Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli 1-248 saylı məktubu ilə müzakirə edilmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərilmişdir. Layihə Ali Məclisdə 28 aprel 1998-ci il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1998-ci il dekabrın 29-də təsdiq edilmiş və qüvvəyə minmişdir. Konstitusiya 6 fəsil, 50 maddə və keçid müddəalarından ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyası ilə üzvi surətdə bağlı olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi ülvi niyyətlərlə qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır və statusu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə müəyyən edilir.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanları bir-birləri ilə üzvi surətdə bağlıdırlar və qarşılıqlı şəkildə ahəngdar fəaliyyət göstərirlər. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında demokratiyanın və hüquqi dövlətin ən mühüm atributlarından olan hakimiyyətlərin bölünməsi prinsipi təsbit edilmişdir. Muxtar respublikada qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi vətəndaşların suveren iradəsini ifadə edən ali təmsilçilik orqanıdır. Ali Məclis 45 deputatdan ibarətdir və onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər. Ali Məclis 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclisə seçkilər, Ali Məclis deputatlarının və İnsan hüquqları üzrə müvəkkilin statusu, Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər, muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət, habelə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlərə dair ümumi qaydalar müəyyən edir və qanunlar qəbul edir.

Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclisin işinin təşkili və muxtar respublikanın büdcəsinin təsdiqi ilə bağlı qanunlar, Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi, Baş nazirin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi, Nazirlər Kabinetinin tərkibinin təsdiqi, Nazirlər Kabinetinə etimad, ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi, ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi, Konstitusiyada nəzərdə tutulmuş hallarda ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi, habelə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlərlə bağlı qərarlar qəbul edir.

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında həm Ali Məclisin sədrinin, həm də ali vəzifəli şəxsin səlahiyyətləri sadalanır. Ali Məclisin sədri vəzifəsi əsas vəzifə, ali vəzifəli şəxs vəzifəsi isə törəmə vəzifədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətləri əsasən Ali Məclisin işinin təşkili ilə bağlıdırsa, ali vəzifəli şəxs həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində geniş səlahiyyətləri həyata keçirir.

Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir və o, Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclisə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Yuxarıda qeyd olunduğu kimi, Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir və muxtar respublikanın büdcəsini icra edir, muxtar respublikanın iqtisadi və sosial proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir, Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir və iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi muxtar respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. Lakin ölkədəki digər apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi həm də Konstitusiya nəzarəti orqanıdır. Ali Məhkəmə sorğu əsasında iyerarxiya üzrə aşağı qüvvəli hüquqi aktların daha üstün qüvvəyə malik olan hüquqi aktlara uyğunluğunu yoxlayır. Bundan başqa, hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

Məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə yanaşı ümumi məhkəmələr kimi rayon və şəhər məhkəmələri, ixtisaslaşdırılmış məhkəmələr kimi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər, Hərbi, İnzibati və Kommersiya məhkəmələri həyata keçirirlər.

Naxçıvanın, bütövlükdə Azərbaycanın siyasi tarixində əsas yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli 1917 nömrəli Fərmanı ilə sözügedən institut təsis edilmiş və onun Əsasnaməsi təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək, muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək, ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək səlahiyyətli nümayəndəliyin əsas fəaliyyət istiqamətləridir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir. Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması Azərbaycanın unitar dövlət idarəçiliyi ilə Naxçıvanın muxtar respublika statusunun harmoniyasını təmin edir. Beləliklə, Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, bölgənin iqtisadiyyatının daha da inkişafına, islahatların uğurla həyata keçirilməsinə səbəb olmuş, muxtar respublikaya yerli və xarici investorların cəlb edilməsi prosesini sürətləndirmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan muxtariyyətinin konstitusion statusunun əks olunması və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bu statusun təfərrüatlarının işlənib hazırlanması Azərbaycanın Konstitusiya quruluşuna möhkəm zəmin yaratmış, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının dövlət orqanları arasında ahəngdar münasibətlərin, bütövlükdə elmi cəhətdən əsaslandırılmış dövlət idarəetmə sisteminin yaradılmasına imkan vermişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına ali səviyyədə göstərilən dövlət qayğısının bariz ifadəsi kimi böyük əhəmiyyət kəsb edir.

 

İsmayıl Qəribli,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri,

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi