Növbədənkənar prezident seçkilərin tarixi əhəmiyyəti

Bir neçə gündür ki, Azərbaycan cəmiyyəti ölkə başçı İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə imzalandığı Sərəncamı müzakirə edir.   Və artıq proses başlayıb. Belə ki, 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisinə start verilib.  Qeyd etmək lazımdır ki,   Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə  keçirilmişdi və  Prezident İlham Əliyev səslərin 86 faizini toplamışdı. 

Əlbəttə ki,  bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və Şərqi Zəngəzuru  erməni işğalından azad etdi. Bu ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və ya bilərək həll etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. 
Digər tərəfdən, 2024-cü il fevral 7-də keçirilən seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən zorla, məcburi halda köçkün vəziyyətinə  salınan  azərbaycanlıların bir hissəsi müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında, evlərində – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. 

 Azərbaycan yeni reallıq  yaradıb.  Və bu yeni vəziyyət tək ölkəmiz üçün deyil, Cənubi Qafqaz, bütün region üçün  yeni bir mərhələdir. Hazırkı geosiyasi hadisələr fonunda növədənkənar seçkilərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.   Çünki, bu, həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır.  Belə ki, bəzi qüvvələr və dövlətlər  Azərbaycanın regionda tam müstəqil bir ölkə olmasını, müstəqil siyasət həyata keçirməsini və tarixi Qələbəsini qəbul edə bilmir.   Bu baxımdan da müxtəlif təzyiq üsullardan istifadə  hallarının və   təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. 
Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir.  Belə ki, növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Qeyd etmək lazımdır ki, son zamanlar region ölkələrinin bir çoxunda növbədənkənar prezident seçkiləri keçirilmişdir. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu mənada rəsmi Bakının da analoji addımı atması təbiidir.

Bir məsələni də qeyd etmək lazımdır ki,  seçkilərin ədalətli  şəraitlər əsasında keçirilməsi üçün münbit  şərait var.  Belə ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunmuşdur. Bu o deməkdir ki,  dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar seçkilərdə iştirak etmək üçün imkanına malikdir. Ölkədə açıq, şəffaf və ədalətli rəqabət mühiti təmin olunmuşdur. Potensialına və resurslarına  güvənən hər bir siyasi qurum üçün bu gözəl bir fürsətdir. Əlbəttə ki, radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır.  Daim seçki tələb edən, öz qərəzli mövqeyi ilə seçilən bu qüvvələr manipulyasiya ilə məşğuldurlar. Xalq onları yaxşı xatırlayır.  Azərbaycana, onun vətəndaşına xidmət etməyən, yalnız öz maddi maraqları üçün çalışan həmin qüvvələrin əsl siması hamıya məlumdur. Heç bir sosial bazası olmayan, ildən-ilə etibarını itirən radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Kimin və hansı dairələrin maraqlarına uyğun fəaliyyət göstərən radikallar  həmişə olduğu kimi, bu dəfə də istəklərinə nail olmayacaqlar.  

Hazırda Azərbaycan dövlətçiliyində yeni dövr, yeni mərhələ formalaşır. Bunun  üçün müvafiq inkişaf proqramının həyata keçirilməsi vacibdir. Bu yeni hədəflərlə Azərbaycan Prezidenti yeni seçkilərə gedəcək. Yeni hədəflərin əsas konturları dövlətin daha da möhkəmlənməsi, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, iqtisadi inkişaf, vətəndaşların rifah halının  daha da yaxşılaşdırılmasından ibarətdir. 20 illik mübarizədən sonra Azərbaycan  öz gücünə öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional  nəqliyyat- kommunikasiya, loqistika, enerji təhlükəsizliyi, neft-qaz layihələri, bütövlükdə həm ölkəmizin iqtisadi imkanlarını artırmış, həm də onun siyasi nüfuzunu yüksəltmişdir. Çevik, praqmatik, diplomatik məharəti, gələcəyə yönəlik strateji  hədəfləri müəyyən etmə bacarığı, bütün siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması- bütün bu sadalanan və sadalanmayan keyfiyyətlər  Azərbaycan Prezidenti,  İlham Əliyevin Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.” Biz birlikdə güclükyük” deyərək, “Qarabağ Azərbaycandır!” devizini hər an xatırladan  Prezident İlham Əliyev bu günə qədər  qarşısına qoyduğu bütün vəzifələri  uğurla həyata keçirmişdir. Sözsüz ki, xalq gələn ilin fevralın 7-də keçiriləcək seçkilərdə  onun, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Milli Məclisin Komitə sədri, 
professor Hicran Hüseynova