"Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir" - Mahir Abbaszadə

"44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayındakı antiterror tədbirlərindən sonra Azərbaycanın müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik".

Bunu "Unikal"a açıqlamasında deputat Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, Azərbaycan yeni reallıqlarla üz-üzədir:

"Yeni reallıqlar ölkədə siyasi islahatların həyata keçirilməsini vacib sayır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün ərazisində növbədənkənar seçkilərin keçirilməsi bizim ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi qiymətləndirilməlidir. Müstəqillikdən sonra ölkəmizdə dəfələrlə həm prezident, həm də parlament seçkiləri keçirilib. Açıq etiraf edək ki, bu seçkilər de-yure Azərbaycanın ərazisi kimi sayılsa da, de-fakto işğal altında olan torpaqlarımızda seçki keçirə bilməmişik. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Şuşa, Laçın və digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Belə olduğu təqdirdə Azərbaycan yeni mərhələyə qədəm qoyur. Onu da nəzərə çatdırmaq lazımdır ki, Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamından irəli gəlir".

Depuat qeyd edib ki, İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan xalqı qarşısında verdiyi bütün vədlərə əməl edib:

"Ən əsası Prezident İlham Əliyev prezident seçkilərində, eyni zamanda beynəlxalq platformalarda mənim prezidentliyim dövründə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, suverenliyimiz Azərbaycanın bütün ərazilərində təmin ediləcək, sərhədlərimiz  tamamilə bərpa olunacaq mesajlarına 2020-2023-cü illərdə qısa zamanda nail ola bilib. Xalqa verdiyi vədlərin demək olar ki, hamısını yerinə yetirib. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin zərurəti ondan ibarətdir ki, artıq Azərbaycan xalqı 2020-ci ildən sonra Müzəffər xalq kimi yaşamağa başlayıb. 2020-ci ildən sonra bizim həyatımızın bütün sahələrində qələbələr duyulmaqdadır və Zəfər günləri qeyd edilməkdədir. Beləliklə, müstəqillik əldə etdikdən sonra ilk dəfə Zəfər xalqının Zəfər seçkisini keçirməyə layiqik. Bu baxımdan, qarşıdan gələn növbədənkənar prezident seçkiləri həm dövrümüzün zərurəti kimi qiymətləndirilməli, həm də nəzərə almaq lazımdır ki, yeni mərhələyə qədəm qoymuşuq. Ona görə Azərbaycan xalqı yenidən seçki prosesinə gəlməli, özünün ən layiqli namizədi cənab Prezident İlham Əliyevə səs verməlidir. Biz bundan sonra Prezidentin qeyd etdiyi kimi Zəfər xalqı kimi tarixdə əbədi yaşayacayıq".