Novruzəli Aslanov: “Deputat Fazil Mustafayevə qarşı təşkil olunmuş silahlı hücum birmənalı olaraq terror aktıdır”

 

“Milli Məclisin deputatı Fazil Mustafayevə qarşı təşkil olunmuş silahlı hücum birmənalı olaraq əhali arasında qorxu hissi yaymaq, təşviş və destabilliyə zəmin yaratmaq məqsədilə düzənlənmiş terror aktıdır. Şəxsən, öz subyektiv rəyimi ifadə edərək deyə bilərəm ki, hücum edən (və ya edənlər) deputat həmkarımızı sadəcə yaralamaq və qorxutmaq niyyəti ilə deyil, birbaşa onun həyatını almaq məqsədilə avtomat silahdan atəş açmışlar. Yalnız möcüzə nəticəsində və bir də Fazil müəllimin özünü itirməyərək baş verənlərə dərhal reaksiya verə bilməsi, hətta iki güllə yarası aldıqdan sonra belə, cəld hərəkət edərək sonrakı güllələrdən özünü qorumağı bacarması sayəsində düşmənlərin xain planları baş tutmamışdır. Mən bütün Azərbaycan xalqı kimi, öz adımdan və bütün deputat həmkarlarım adından bu xain terror aktını şiddətli şəkildə pisləyirəm. Əminəm ki, respublikamızın hüquq-mühafizə orqanlarının çevik və qətiyyətli addımları nəticəsində bu cinayəti törədənlər də, onu sifariş edənlər də ən qısa zamanda müəyyən edilərək ədalət məhkəməsinə çıxarılacaqlar.”

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov deputat həmkarı Fazil Mustafayevə olunan silahlı hücuma münasibət bildirərkən aia.az-a verdiyi açıqlamasında deyib.

Deputat müqəddəs ramazan ayında insan qanını axıtmaqdan çəkinməyən terrorçuları Allahsız adlandırıb: “Bu gün bütün dünya müsəlmanları rəhmət və bərəkət dolu ramazan ayının fəzilətlərindən faydalanmaq üçün oruc tutur, zəkat verir, digər gözəl əməllər edirlər. Bir çox insanlar hətta öz həyətlərində toyuq kəsməkdən belə çəkinirlər ki, bu müqəddəs ayda qan tökməsinlər. Fazil müəllimə hücum edənlər isə, bəlkə də özlərini başqalarından daha çox dindar hesab edə bilərlər, amma mahiyyət etibarı ilə belələrini sırf dini baxımdan yalnız bir kəlmə ilə adlandırmaq olar – Allahsız!”

Həmçinin N.Aslanov bu silahlı hücumun arxasında Azərbaycanı gözü götürməyən xarici qüvvələrin durduğuna əmin olduğunu qeyd edib: “Hamımız bilirik ki, Azərbaycanın son bir neçə ildə əldə etdiyi iqtisadi, siyasi-diplomatik və xüsusilə də hərbi uğurları beynəlxalq aləmdə heç də birmənalı reaksiya doğurmur. Ölkəmizi, xalqımızı gözü götürməyən, uğur və nailiyyətlərimizdən pərişan olan anti-Azərbaycan qüvvələr respublikamızda hökm sürən sabitliyi pozmaq və sürətlə davam edən inkişafı əngəlləmək üçün istənilən üsula əl atmağa hazırdırlar. Dünən baş vermiş silahlı terror aktı da bunu bir daha sübut etdi. Lakin həmin qüvvələr başa düşmürlər ki, belə hücumlar xalqımızın birliyini, həmrəyliyini daha da gücləndirir, düşmənə olan qəzəb və nifrəti bir qədər də artırır. Onlar heç cür anlaya bilmirlər ki, artıq bundan sonra Azərbaycan xalqını cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələrə və yeni hədəflərə doğru inamla irəliləməsinin qarşısını almaq heç bir halda mümkün deyil. Xalqımıza, dövlətimizə və dövlətçiliyimizə olunacaq istənilən hücumların qarşısını isə respublikamızın güc strukturları tərəfindən hər zaman qətiyyətlə alınacaq.”