Novruzəli Aslanov: “Müstəqil Azərbaycanın qurulması istiqamətində ilk addımlar Ulu Öndər Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atılıb”


“Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə hakimiyyətdə olan qüvvələr fəaliyyətlərini dövlətçiliyin möhkəmləndirilməsinə deyil, öz hakimiyyətlərini qoruyub saxlamağa istiqamətləndirmişdilər. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyevin iki gün sonra Naxçıvana yola düşməsi paytaxtda vəziyyətin stabilləşməsinə olan şansları kəskin şəkildə azaltdı. Heydər Əliyev amilini öz ambisiyalarının, şəxsi maraqlarının təmin olunması yolunda real maneə kimi qiymətləndirən siyasi qüvvələr Ulu Öndərin ölkədə siyasi hakimiyyətə gəlişini müvəqqəti də olsa, əngəlləyə bildilər. Məhz bu səbəbdən yeni bərpa edilmiş və hələ çox kövrək olan dövlət müstəqilliyi real təhlükə ilə üz-üzə qalmışdı. Hakim siyasi dairələrin səriştəsizliyi eyni zamanda həm müstəqilliyin itirilməsinə, həm də ölkənin parçalanmasına gətirib çıxaracaqdı.”

Bu sözləri AİA.Az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, müasir müstəqil Azərbaycanın qurulması istiqamətində ilk addımlar da Ümummilli Lider Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atılıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixində keçirilmiş fövqəladə sessiyasında çıxış edən Heydər Əliyev demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Həqiqətən də Azərbaycan xalqının və Ulu Öndər Heydər Əliyevin taleləri bir-birinə qırılmaz tellərlə bağlıdır. Ümummilli Liderin Naxçıvana qayıdışı ilə Muxtar Respublika faktiki olaraq müstəqil Azərbaycanın qurulmasının siyasi-ideoloji mərkəzinə çevrildi. İlk növbədə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması təklif olundu. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Məhz bu hal Ulu Öndərin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə yol açdı. Oktyabr ayının 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Birmənalı olaraq deyə bilərik ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə məhz Naxçıvan Muxtar Respublikasında müəyyənləşdirilib.”

Daha sonra N.Aslanov Ulu Öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğunu vurğulayaraq bunları deyib: “1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada siyasi hakimiyyətə qayıtmaqla Ümummilli Lider Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etdi, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Həmin ildən ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf yoluna qədəm qoydu. Respublikada bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, vicdan azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Ulu Öndərimizin rəhbərliyi ilə dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, sosial sabitliyin təməli qoyuldu, dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi strategiyanın sayəsində öz ərazi bütövlüyünü bərpa etmiş, günü-gündən iqtisadi gücünü artıran, beynəlxalq nüfuzu durmadan yüksələn və dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Tarixin özü sübut edir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı işıqlı gələcəyə, daha böyük qələbələrə apara biləcək yeganə doğru yoldur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.