Obyektlivdən uzaq olan BƏYANAT

Avropa Parlamentinin qəbul etdiyi qətnamə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının dondurulmasına və revanşist meyllərin yenidən baş qaldırmasına xidmət edir.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, sənəd obyektivlikdən tamamilə uzaq olduğundan kimlərinsə təsiri nəticəsində hazırlandığı göstərir. “Qətnamədə əks olunan məsələlərə nəzər saldıqda görürsən ki, bu birbaşa ermənipərəst qüvvələrin, xüsusən də Fransa və erməni lobbisinin diqtəsi ilə birtərəfli qaydada tam qərəzli formada hazırlanıb. Sənəd sülhün əldə olunmasına deyil, əksinə sülh danışıqları prosesini pozub, gərginliyin davam etməsinə xidmət edir. Avropa Parlamentinin bu mövqeyi onu deməyə əsas verir ki, 30 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı olmayan tərəflər onlardır”- o qeyd edib.

Deputat əlavə edib ki, Avropa Parlamenti bölgədə sülhün əldə olunmasını istəyirsə, o zaman hər vasitə ilə sülh danışıqlarından boyun qaçıran Ermənistan təzyiq edərək sülhə təşviq etməlidir: “Amma qətnamənin bəndlərinə diqqət yetirdikdə bunun tamamilə əksini, bölgədə yenidən revanşist qüvvələrin fəallaşmasına stimul verən halları görmək olur. O zaman belə bir sual ortaya çıxır, Avropa Parlamenti niyə bu 30 ildə öz ata yurdlarından didərgin düşən yüz minlərlə azərbaycanlının ən elementar hüquqları ilə bağlı səslərini çıxarmırdı və çıxarmır, onları bu hərəkətinə görə qınamır?! Niyə görə, 30 ildən artıq müddətdə Naxçıvan blokada şəriatindədir və orada yaşayan insanların üzləşdiyi çətinliklərin aradan qaldırılması ilə bağlı bir kəlmə də olsun danışmırdılar?! Necə olur Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlı məcburi köçkünlərə və ümumilikdə Azərbaycan dövlətinə milyardlarla dollar həcmində dəyən ziyan barəsində səslərini çıxarmılar. Ermənistanın Azərbaycana qarşı işğaçılıq, soyqırım, terror siyasətinə reaksiya vermir. Axı, bu günü bu gün də Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji və humanitar terror davam etməkdədir. Nəticədə Azərbaycan vətəndaşları və ekosistemi bu terrorun qurbanına çevrilməkdədir.

Amma Azərbaycan Ermənistanın revanşist siyasətinə son verib sülh danışıqları istiqamətində məcburedici addımlar atdıqda, onların Azərbaycanın ekosisteminə qarşı törətdiyi terrora son verilməsi ilə bağlı dinc aksiyasına həmən reaksiya verib, bunu “humanitar” fəlakət adlandırırlar. Reallıqda isə vəziyyət tamamilə bunun əksidir. Laçın yolundakı aksiya dinc xarakter daşıyır və humanitar yüklərin, qida və dinc insanlaırn hərəkətinə mane olmur. Bəlkə, Avropa Parlamentini Xankəndindəki separatçılara silah-sursat daşınmasına, terrorçuların giriş-çıxışına yaradılan maneçilik narahat edir?! Bu bir daha Avropa strukturlarının və sənəd müəlliflərinin ikili standartlardan hələ də əl çəkə bilmədiklərini və işğalçıya dəstək verməsini göstərir. Hansı ki, biz 30 ildir bunun şahidi olmaqdayıq. Münaqişənin bu qədər uzanmasınında məhz günahkarı onlardır. Lakin unudurlar ki, Azərbaycanla bu dildə danışmaq yersizdir. 30 ildə Azərbaycana təzyiq edib, onu güzəştə getməyə məcbur edə bilməyənlər, bundan sonra isə bu cür cəhdlər ağılsızlıq olar. Avropa Parlamenti və digər Avropa strukturları bölgədə real sülhün yaranmasını istəyirlərsə, o zaman Ermənistan təzyiq edib, onun 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri təcili yerinə yetirsin. Həmin bəyanatın tələblərinə görə, bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistan qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. Lakin Ermənistanın təqsiri ucbatından indiyədək həmin tələblər yerinə yetirilməyib. Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakətə sürükləmək xəyalları ilə yaşayırlar. Ancaq unudurlar ki, Azərbaycan buna imkan verməyəcək və bölgədə sabitliyi pozmağa cəhd edən revanşist qüvvələrin təxribatçı hərəkətinin qarşısı anındaca alınacaq. Avropa Parlamentinin bu cür yanaşması əslində erməniləri uçuruma sürükləməkdir.

Azərbaycanın hədəfi bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunub, sıx regional əməkdaşlıq formatının yaradılmasıdır. 44 günlük Vətən müharibəsindən sonra bütün səylərini bu istiqamətə yönəldib və qarşısına qoyduğu hədəflərə nail olmaq üçün konkret addımlar atır. Ermənistan isə sözdə sülhə razı olduğunu bəyan etsə də, əməldə bunun tam əksini edir. Sonucda isə hər zaman ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamenti bu cür mövqeləri ilə əslində ümumi Avropa maraqlarına, dəyərlərinə zərbə vurub, ona ciddi xələl gətirirlər”.