Ömrünü xalqına, dövlətinə həsr edən – dahi şəxsiyyət

Böyük siyasətçi, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bu dahi insanın əbədiyyətə qovuşmasından keçən 20 il ərzində insanlar heç zaman onun yoxluğunu hiss etməyiblər. Hər zaman  böyük hörmət və dərin ehtiram hissi ilə yad edilir. Özü bir neçə dəfə qeyd etmişdi ki, nə qədər Azərbaycan varsa, o da olacaq. O, həmişə deyirdi ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Və bu fikirlər onun həyat fəlsəfəsi idi.  Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün  həyatını bu müqəddəs məqsədə həsr etmişdir. 

Ümummilli Liderin uzaq görən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real  fundamentlər qoyulurdu. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə  çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.  O, həmişə bir prinsipi əsas götürürdü:”  Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması  üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi. Mən bunu həm də atam Kamran Hüseynovdan da eşitmişdim. Şəxsən Ulu Öndərin tapşırığı ilə bu layihələr həyata keçirilirdi, bütün çətinliklərlə şəxsən  özü maraqlanırdı. 
     Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırmışdır. Və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan  xilas oldu. Ulu Öndər deyirdi ki, “ Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Strateji məqsədlərə çatmaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində  Azərbaycanın iqtisadi  inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı.  İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər dəfələrlə demişdi ki, “sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Ordu quruculuğu işləri daha da möhkəmləndirildi. Bu siyasəti daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına  44 gündə  son qoydu.

Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclis fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdir. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar edildi. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir.  Xüsusi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu. 

Mən əlbəttə ki, Ulu Öndərin qadın və uşaq hüquqularının qorunması sahəsində gördüyü işləri xüsusi ilə xatırlamaq istərdim. Baxmayaraq ki, çətin bir dövr idi, O, qadın və uşaq hüquqları  ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşulmaq üçün çağırışlar edirdi. BMT Uşaq Fondunun və Əhali Fondunun, eləcə də digər qurumların Azərbaycanla əməkdaşlığına şərait yaradırdı. Bu nə üçün lazım idi? İnformasiya blokadası vəziyyətində olan bir ölkə üçün bundan yaxşı fürsət ola bilməzdi. 1995-ci ildə Azərbaycan qadınları Pekin Konfransında çıxış edərək ilk dəfə ölkəmizin qaçqın və məcburi köçkün qadın və uşaqların  vəziyyətini yüksək tribunadan səsləndirdilər. Bu tarixi şans idi. Bundan əlavə qəbul edilmiş Fəaliyyət Planında 12 istiqamətlərdən biri ki, qadın və qaçqınlıq, məcburi köçkünlük məsələsini təklif etdilər.  

Ümummilli Lider Heydər Əliyevin  "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncamlar  qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Bu siyasəti davam etdirərək 2006-ci ildə Prezident  İlham Əliyev  “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” regionda analoqu olmayan çox mühüm  Qanun imzaladı.  Qanuna əsasən Azərbaycan qadınları  çox geniş hüquqi təminatlar əldə etdilər. Bu, kişi  və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində  bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə daha bir cəsarətli addım atılaraq “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu. Xüsusilə  qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu  vardır.  Dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Lakin əlbəttə ki, onun üçün, Azərbaycan naminə yaşayan, mübarizə aparan bu görkəmli insan üçün  ən vacib məsələ  Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən torpaqlarımızın işğal olunması idi.   O deyirdi ki, “  Torpağımızın hər bir qarışının itməsi bizim üçün dəhşətlidir, ... düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir. Lakin Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən, Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. Qarabağla yanaşı, onun daha bir mühüm strateji məqsədi var idi: bu Zəngəzur idi. Torpaqlarımızın işğal olunması, insanların öz doğma Vətənlərində məcburi köçkün düşməsinə baxmayaraq, Ulu Öndər Zəngəzur sözünü işlədirdi. Bu, onun uzaqgörənliyi idi.  Beləliklə, “Zəngəzur” İctimai Birliyi yaranır, onun ilk sədri Kamran Hüseynov olur. Və bu gün Zəngəzur artıq reallığa çevrilir.   Bu gün onun əziz ruhu şaddır, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Cənab İlham Əliyev həm  güclü Prezident, müzəffər Ali Baş Komandan, ata vəsiyyətinə sadiq oğul kimi həm xalqına, həm də atasına verdiyi sözü yerinə yetirdi.  

Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar son 20 ildə  Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi  ilə  daha da gücləndirilib.   Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Vətən Müharibəsindən 3 il keçməsinə baxmayaraq, bu gün azad olunmuş ərazilərdə yol, nəqliyyat, enerji və digər sosial infrastruktur qurulur, Füzuli, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi,  “ağıllı kənd”, “ağıllı şəhərlər” salınır, yaşıl iqtisadiyyat konsepsiyasına uyğun  layihələrə başlanılıb. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır, insanlar öz doğma yurdlarına qayıdırlar. Bütün bunlar bir daha ölkəmizin iqtisadi imkanlarından, dövlət başçısının güclü iradəsindən xəbər verir.  

Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Onların bu şərəfli fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaqdır! 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 
professor Hicran Hüseynova