On bir ayın sultanı - RAMAZAN BAŞLADI

Azərbaycanda Ramazan ayı başlayıb.

Sabahinfo.az xəbər verir ki, bu gün on bir ayın sultanı - Ramazanın ilk gündür.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir.

Fətvada qeyd edilib ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/33 saylı və 28 fevral 2024-cü il tarixli cavab məktubuna görə, müəyyənləşib.

On bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq.

İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir: “Xüsusi olaraq bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir”.

Fətvada tövsiyə edilir ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin.

Diqqətə çatdırılır ki, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən təqvim tərtib edib. Təqvim idarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur.

Qeyd edək ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Ramazan bayramı aprelin 10 və 11-də qeyd ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Nəticədə Ramazan bayramında 5 gün (aprelin 10, 11, 12, 13 və 14-ü) iş olmayacaq.