Özbəkistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin gələcək inkişaf yollarını müəyyənləşdirdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasında əlaqələrin sıx tellərlə bağlı olmasının bariz nümunəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O bildirib ki, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə bir çox mühüm məsələlər müzakirə edildi, vacib sənədlər imzalandı, beynəlxalq platforma da daxil olmaqla, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər barədə münasibətlərimizin gələcək inkişaf yolları müəyyənləşdirildi.

Azərbaycanın regionda Özbəkistan üçün strateji tərəfdaş olduğunu vurğulayan A.Məmmədov deyib: “Bizi bir-birimizə dərin köklər bağlayır. Münasibətlərimiz yeni mərhələyə qədəm qoyur. Səfər çərçivəsində hər iki ölkə rəhbərinin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Azərbaycan Prezidentinin vurğuladığı kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Bir sözlə, iki ölkə arasında imzalanan sənədlər əlaqələrimizin daha da yüksəldilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək”.

Deputat bildirib ki, Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, bu iki xalq arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu münasibətlər həmişə səmimiliyi ilə diqqət çəkib, indi isə strateji əhəmiyyətli münasibətlər səviyyəsinə çatıb. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Uzun illər davam etmiş Qarabağ münaqişəsində də qardaş ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və müxtəlif platformalarda öz dəstəyini sərgilədiyini gördük.

Özbəkistan Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanışlığı barədə fikirlərini bölüşən A.Məmmədov qeyd edib: “Hələ iki il bundan əvvəl 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq biz rəsmi Daşkəndin özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik təhsil ocağının açılışının şahidi olduq. Bu məktəbin açılışı bizim dost və qardaşlığımızın daha bir parlaq nümunəsidir. Təbii ki, cari səfər, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək".

Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın sayını da durmadan çoxaltmaqdadır.

"Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı Qələbə, nəticədə regionda sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini daha da yüksəldib. Həmçinin ölkəmizin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi nəticəsində digər dövlətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını ifadə edirlər", - deyə Anar Məmmədov vurğulayıb.