Qalib xalqın seçimi!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Səbail rayonunda yaşayan seçicilər ilə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Təftiş komissiyası üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, təşviqat qrupunun üzvləri Mehdi Səlimzadə, Mahirə Hüseynova, Fuad Heydərli, Könül Təhməzova Nicat Hüseynov, Zenfira Məmmədova, Reyhan Hacızadə və Arzuman Muradlı çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan sürətli inkişaf edib. Bu inkişaf tempini dünyanın ən aparıcı beynəlxalq təsisatları və ölkələri də etiraf edir. Azərbaycanın müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, regional və beynəlxalq layihələr dünya tərəfindən öyrənilir və təqdir edilir. Bütün bunlar Prezident İlham Əliyevin təşəbbüskarlığı və rəhbərliyi sayəsində baş tutub.

Natiqlər seçiciləri ölkəmizin uğurlarının davamlılığı naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun müxtəlif ərazilərində məhəlli və fərdi görüşlər keçiriblər.