Qarabağdakı “boz zona”nın “rəngini” necə dəyişmək olar? - ŞƏRH

Bu günlərdə separatçı rejimin keçirdiyi qondarma seçki əslində Qarabağda yaratdıqları “boz zona”ya hansısa hüquqi don geyindirmək cəhdindən başqa bir şey deyil. Dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatlar bunun fərqindədirlər. Məhz buna görə də onlar Azərbaycan ərazisi hesab etdikləri Qarabağda xunta rejiminin keçirdikləri qeyri-legitim “seçki”ni tanımadılar. Dünya dövlətləri bu məsələdə birmənalı şəkildə Azərbaycanı dəstəklədi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Qarabağdakı qondarma “seçki”ləri 30 il əvvəl də tanımayıb, bundan sonra da tanımayacaq. Azərbaycan tərəfi Qarabağdakı ermənilərin reinteqrasiya olunması üçün bütün lazımi şəraiti yaratmağa hazırdır. Lakin onlar, ilk növbədə, silahı yerə qoymalı, orada qurduqları oyuncaq hökuməti dağıtmalı, Azərbaycan vətəndaşlığını qəbul etməli və yalnız bundan sonra bütün konstitusion hüquqlardan yararlana bilərlər. Əlbəttə, onlar da ölkəmizdə olan digər etnik azlıqlar kimi mədəni hüquqlardan istifadə edəcəklər. Digər təklifimiz isə Azərbaycan vətəndaşlığına keçməyəcəkləri təqdirdə, ölkə ərazisini tərk etməkdən ibarətdir. Bu da qanuni təklif və tələbdir. Biz xeyli müddətdir ki, ermənilərə danışıqlar, dialoq təklif etmişik. Təəssüflər olsun ki, xunta rejimi rəsmi Bakının heç bir təklifi ilə razılaşmır. Azərbaycan bütün kommunikasiyaların açılmasını, Xankəndiyə əlavə yollar vasitəsilə istənilən yükdaşımalarının həyata keçirilməsini təklif etdi. “Blokada” və “soyqırımı”ndan gileylənən ermənilər Azərbaycanın göndərdiyi ərzaq dolu yük maşınlarının Xankəndiyə daxil olmasına imkan vermədilər. Bölgənin təhlükəsizliyini qorumalı olan Rusiya sülhməramlıları təəssüflər olsun ki, Xankəndidə formalaşan separatizm meyllərinə qarşı ciddi tədbirlər görmürlər. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına əsasən Qarabağdakı erməni silahlı birləşmələrin üzvləri tərk-silah olunmalı, birgəyaşayış təmin edilməli idi. Ötən üç ilə yaxın müddətdə bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, biz gördük ki, humanitar məqsədlər üçün istifadə edilməli olan Laçın yolundan silah-sursat daşınır.

Xankəndidəki sadə ermənilərin xunta rejiminin təzyiqi və təhdidi altında yaşadıqlarını vurğulayan İltizam Yusifov əlavə edib: “Qarabağdakı silahlı ermənilər tez-tez təxribata əl atırlar, kəşfiyyat-diversiya əməliyyatları aparırlar. Ümumiyyətlə, Qarabağda ermənilərin yaşadıqları ərazilərdə aqressiv, nifrət, kin dolu mühit hökm sürür. Bu, çox təhlükəli tendensiyadır. Orada azyaşlı uşaqlara belə Azərbaycana, türkə nifrət etmək, döyüşmək, öldürmək kimi zərərli davranışlar aşılanır. Dünyadakı bütün “boz zonalar”da bu cür hallar hökm sürür. Cinayətkar dəstələrin nəzarətində olan və polisin belə onlarla bacara bilmədiyi belə ərazilərdə yaşayan əhali kriminal ünsürlərin hədəfinə çevrilirlər. Biz Qarabağdakı “boz zona”nın “rəngini” necə dəyişə bilərik? Bunun bir neçə yolu var. Əsas çıxış yollarından biri Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatları aparmasıdır. Əlbəttə ki, Azərbaycanın bu sahədə uğur qazanacağına heç kəs şübhə etmir. Amma bu yol itkilər hesabına başa gəlir və bütün çarələr tükəndiyi təqdirdə istifadəsi məqsədəuyğun hesab edilir. İkinci yol sadə ermənilərlə əməkdaşlıq, onlarla dialoq qurmaqdır. Biz bu məsələdə beynəlxalq təşkilatların, yerli QHT-lərin imkanlarından istifadə edə bilərik. Təbii ki, Xankəndidəki xunta rejimi bizimlə görüşəcək sadə erməniləri təhdid edəcək, ölümlə hədələyəcək və sair vasitələrə əl atacaq. Digər bir yol isə Rusiya sülhməramlılarının imkanlarıdır. Hesab edirəm ki, Rusiyanın sülhməramlı kontingentinin kifayət qədər imkanı var ki, oradakı silahlıları tərksilah etsin, sadə ermənilərin Azərbaycan Hökuməti ilə təmaslarını təşkil etsin. Bütün hallarda Azərbaycan dövləti Qarabağ ermənilərinin reinterasiyasını həyata keçirəcək və orada sabitliyi təmin edəcək”.