QHT-media münasibətləri – Problemlər və onun həlli yolları

Vətəndaş cəmiyyətinin aparıcı institutları arasında əməkdaşlığın gücləndirilməsi deyərkən, ilk olaraq ağıla QHT-media münasibətləri gəlir. QHT-lərin media və sosial şəbəkələrlə iş bacarıqlarının artırılması bu sektorun aktual məsələlərindən hesab olunur. QHT-media münasibətlərini necə gücləndirmək olar? Bu sahədə hansı problemlər var?

Bu suallarla QHT və media nümayəndələrinə müraciət etdik.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, QHT-media münasibətləri hər zaman aktual məsələlərdən olub: “Həm QHT-lər, həm də media vətəndaş cəmiyyətinin flaqmanları hesab olunurlar. Onları gecə gözətçiləri də adlandırırlar. Bu iki institut əslində eyni amala, məqsədə xidmət edirlər. Cəmiyyətdəki problemləri aşkar etmək və onların həllinə çalışmaq. Təbii ki, QHT-lər problemlərin həlli istiqamətində daha fundamental iş ortaya qoyurlar. Layihələr hazırlanır, məsələ müzakirəyə çıxarılır, problemin həlli istiqamətində konkret addınmlar atılır, görüşlər keçirilir, lobbiçilik işləri aparılır və s. Bu məsələdə QHT-lərin mətbuata ehtiyacı yaranır. Mətbuatın dəstəyi olmadan, problemlər mediada işıqlandırılmadan məqsədə çatmaq çətindir. Əgər layihə doğrudan da, aktualdırsa, günümüzlə səsləşirsə, mətbuat ona fiqqət ayıracaq, problemlər araşdırılacaq. QHT-lərin apardığı tədqiqatlar, araşdırmalar, hazırlanan hesabatlar hər zaman jurnalistlər üçün qiymətli mənbə rolunu oynayıb. Araşdırmaçı jurnalistlər dəfələrlə QHT-lərin hazırladıqları hesabatlara istinad ediblər, ondan yararlanıblar”.

Medianın bir biznes strukturu olduğunu qeyd edən Ə.Nuriyev əlavə edib ki, bu gün medianın reklam bazarının genişlənməsinə ehtiyac var: “Media haqqında yeni qanunda medianın maddi bazasının yüksəldilməsi üçün bir sıra maddələr var. Əgər medianın maddi-texniki bazası güclənərsə, mətbuatın milli və dövlətçilik maraqlarına xidmət edən, eləcə də sosial xarakterli layihələrə diqqətinin artmasına səbəb olacaq. Mən başa düşürəm ki, QHT-lərin maddi durumu o qədər də yaxşı deyil, onlar media ilə müqavilələr bağlaya bilmirlər. Odur ki, biz təklif edirik ki, QHT-lərin xarici donor təşkilatlardan qrant almasını ağırlaşdıran hallar aradan qaldırılsın. QHT-lər haqqında qanun dəyişdirilməzdən öncə QHT-lər qəzetlərlə, saytlarla müqavilə bağlayırdılar, qəzetlərin xüsusi buraxılışları olurdu, içərisinə əlavə səhifələr yerləşdirilirdi, yaxud da hansısa səhifə QHT tərəfindən maliyyələşdirilirdi. Bu da öz növbəsində mətbu orqanların həm maliyyə gəlirlərinin artmasına, həm də daha rəngarəng mövzulara oxucu qarşısına çıxmasına səbəb olurdu. İndi demək olar ki, QHT-lərlə media arasında bu cür müqavilələr bağlanmır. Vaxtıilə jurnalistlərimiz çoxlu sayda layihədə iştirak edirdi, onların xarici ölkələrə səfərləri təşkil olunurdu. Xüsusilə də, media üzrə QHT-lər çox aktiv fəaliyyət göstərirdilər. Düzdür, indi də aktiv fəaliyyət göstərən QHT-lər var. Onların fəaliyyəti təqdir olunmalıdır”.

Ə.Nuriyevə görə, hazırda media daha çox formalaşmış, özünü təsdiq etmiş QHT-lərə və onların rəhbərlərinə müraciət edirlər, onlardan açıqlamalar, müsahibələr alırlar: “Düşünürəm ki, bizim QHT rəhbərləri də fəal olmalıdırlar. Ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrə, sosial problemlərə daha həssas yanaşmalıdırlar. Sosial şəbəkələrdə aktiv olmalıdırlar. Layihədən-layihəyə göstərilən aktivlik istənilən effekti vermir. Ən vacib məqamlardan biri də odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu gün media ilə əməkdaşlığa xüsusi fikir verir. Bu əlaqələrin genişləndirilməsi üçün qrant müsabiqəsində xüsusi istiqamət var. Bir neçə layihə qalib elan olunub. Bütün bunlar QHT Agentliyinin media ilə əlaqələrə nə qədər böyük önəm verdiyini göstərir”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev hesab edir ki, bu kimi məsələlərin müzakirəsi zamanı mütləq mühit nəzərə alınmalıdır: “Media, QHT fəaliyyət mühiti, ictimai durum, cəmiyyətin tələbləri kimi nüanslar əsasdır. Media, QHT-lər sərbəst fəaliyyət göstərmək imkanındadılarmı? Onlar belə imkanlara sahibdilərsə, media-QHT əlaqələri sferasında hər hansı ciddi problem olmayacaq. Çünki QHT-lərin işi həm də cəmiyyətin maraqlarına təsir edən məsələlər üzərində çalışmaq, probelmlərin ortadan qaldırlmasına yardımçı olmaqdır. Medianın işi də cəmiyyətin maraqlarının keşiyində dayanmaqdır. QHT-lər ictimai təlabat olan işlərlə məşğul olduqlarında, avtomatik olaraq, media da həmin fəaliyyətlərə işıq tutacaq, çünki bu, həm də onun işidir. Ancaq QHT, media fəaliyyəti üçün əlverişli, sərbəst fəaliyyət mühiti yoxdursa, durum fərqli olacaq. QHT-media münasibətlərinin necəliyi cəmiyyətin maraq dairəsində olan mövzu deyil, bu, yalnız onların ikisini qayğılandıran məsələdir. Bizdə bu sahədəki vəziyyət reallıqları tam əks etdirir”.

Xalid Ağaliyev onu da qeyd etdi ki, QHT hansısa işi görür, bununla bağlı press-relizi yayması üçün mediaya maliyyə ödəyir: “Deməli, görülən işin ictimai dəyəri yoxdur, ya da medianın ictimai rəylə, ictimai mnaraqlarla bağlılığı yoxdur. Ümumiləşdirsək, hər şeyi yoluna qoyan mühitdir, media, QHT-lər üçün azad fəaliyyət mühiti olmalıdır. Mühit olmadıqca, media da, QHT-lər də cəmiyyətin maraqları üçün 10-cu, 15-ci yerdə olan məsələlərlə məşğul olmalı olacaqlar”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.