Qlobal Bakı Forumu dünyamiqyaslı problemlərin həllinə töhfə verir

Son illərdə Bakı şəhəri bir çox regional və beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə, fikir mübadiləsi mərkəzlərindən birinə çevrilməkdə davam edir. Mütəmadi olaraq keçirilən belə tədbirlərdən biri də bu il “Parçalanmış dünyanın bərpası” mövzusunda artıq 11-cisi təşkil olunan Qlobal Bakı Forumudur.

Getdikcə azalan təbii resurslara ehtiyacın artması fonunda böyük dövlətlərin günü-gündən öz nüfuz dairələrini genişləndirmək uğrunda mübarizələri, demək olar ki, hər il dünyada müxtəlif münaqişə ocaqlarının yaranmasına səbəb olur. Qeyd olunan faktor Qlobal Bakı Formu kimi platformaların önəmini daha da artırır.

İldən-ilə nüfuzu getdikcə artan Bakı Qlobal Forumunun əhəmiyyəti və çəkisi istər müzakirəyə çıxarılan mövzular, istərsə də iştirakçılarının dünyada baş verən proseslərə təsir imkanları baxımından heç də Münxen Təhlükəsizlik Konfransı, Davos Dünya İqtisadi Forumu kimi aparıcı beynəlxalq forumlardan geri qalmır. İlbəil iştirakçılarının sayı da artmağa davam edən bu mühüm tədbirə bu il 68 ölkədən 400-dən çox qonağın qatılması, qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması, XI Qlobal Bakı Forumunun imkanlarının nə qədər geniş olmasının bir göstəricisidir.

Ötən il ərzində bir çox önəmli hadisələr baş vermişdir. Ancaq heç şübhəsiz ki, sentyabrın 19-da başladılan və cəmi 24 saatdan da az bir müddət davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam şəkildə bərpa olunması, bu ilki Forumu əvvəlkilərdən fərqləndirən ən vacib hadisədir.

Uzun illər “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə çalışan və sonadək bu mövqeyini qoruyan, ancaq Ermənistan rəhbərliyinin açıq şəkildə qeyri-konstruktiv mövqe nümayiş etdirərək, Qarabağın Ermənistan ərazisi olduğunu iddia edən çıxışları, “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi absurd mülahizələri, Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi müharibəni qaçılmaz etdi və Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnamələrinin icrasını təmin edərək torpaqlarını işğaldan azad etdi.

Bəzi böyük dövlətlərin münaqişənin hərbi yolla həlli olmadığına dair dövlətimizə qarşı mütəmadi təlkinlərinə baxmayaraq, həm Ermənistan tərəfinin “danışıqlar xətrinə danışıqlar” aparmaq siyasəti, həm də münaqişənin həllinə dəstək verməli olan beynəlxalq təşkilatların bu mənada fəaliyyətsizliyi aparılan danışıqları nəticəsiz bir mövqeyə daşımışdı.

Şübhəsiz ki, məqsədi münaqişənin sülh yolu ilə həllinə dəstək vermək olmalı olan Minsk qrupunun münaqişənin həllinə dəstək verməkdən çox, sadəcə prosesin uzanmasına və Azərbaycanın Ermənistanın işğal siyasəti ilə barışmağa məcbur edilməsinə hesablanmış mövqeyi də problemin həllinə mane olan digər bir faktor idi.

Ancaq Cənab Prezident İlham Əliyev yeni bir mövqe ortaya qoyaraq münaqişənin hərbi yolla həllinə nail oldu və bəzi hallarda münaqişələrin hərbi-siyasi yollarla da həllinin ola biləcəyini sübut etdi.

Hakimiyyətə gəldiyi ilk illərdən istər Azərbaycanın hərbi, iqtisadi, siyasi potensialının, istərsə də beynəlxalq nüfuzunun artırılması istiqamətində möhtərəm Prezidentimiz tərəfindən formalaşdırılan dövlət siyasətinə uyğun olaraq görülən işlər, Azərbaycanın qələbəsini şərtləndirən əsas amillərdən idi.

Bu gün artıq Azərbaycan və Ermənistan hər iki ölkə arasında sülh sazişi imzalanmasına hər zamankindən daha yaxındır. Cənab Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması istiqamətində qətiyyətli mövqeyi, münaqişənin həllinə nail olaraq, prosesi hər iki ölkə arasında sülh razılaşmasının əldə olunması mərhələsinə gətirib çıxardıb.

 Əsasən son baş verən prosesləri rasional şəkildə dəyərləndirərək Azərbaycanın haqlı mübarizəsinin nəticələrinə qarşı adekvat mövqe nümayiş etdirən güc mərkəzləri çox oldusa da, bunlarla bərabər hər zaman yüksələn xətt üzrə davam edən diplomatik əlaqələrimiz olmasına baxmayaraq, Fransanın mövcud hökuməti kimi qeyri-adekvat mövqe sərgiləyən qüvvələr də oldu. Qarabağda yeni yaranan reallığı həzm edə bilməyən mövcud Fransa hökumətinin BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini təmin etmək istiqamətində cəhdləri cavabsız qaldı.

Bütün bunlardan sonra Fransanın Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin vandalizmə məruz qalması və Fransanın hakimiyyət dairələrinin, Evian şəhəri meriyasının bu vəziyyətə səssiz qalaraq heykəlin aylarla o formada saxlanılmasına göz yummaları, Fransa hökumətinin mədəni sərvətlərin qorunmasına dair əsl mövqeyini də ortaya qoymuş oldu.

 Tədbirdə çıxışı zamanı dünya miqyasında ölkəmizə olan böyük etimadın daha bir göstəricisi olan COP29-un Azərbaycanda keçirilməsinin önəmini də vurğulayan Cənab Prezident İlham Əliyev, bunun Azərbaycanın yaşıl enerjiyə keçidi ilə bağlı səylərinin qəbul olunması mənasına gəldiyini vurğuladı.

Yanacaq resursları ilə yanaşı, bərpa olunan enerji resursları ilə də zəngin olan Azərbaycanın həm külək, həm də günəş enerjisindən istifadə üçün çox geniş imkanları var. Bu baxımdan ötən ilin oktyabrında ölkəmizdə Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışının həyata keçirildiyini bildirən ölkə başçısı daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri getdiyini, ölkəmizin 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmasının planlaşdırıldığını vurğuladı: “Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır.”

 Möhtərəm Prezidentimiz tərəfindən böyük ustalıqla formalaşdırılan və davam etdirilən dövlətin xarici siyasəti, il-ildən Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaratmaqla və ölkənin dünyada gedən siyasi proseslərə təsir edə bilən beynəlxalq platormalara ev sahibliyi etməsi ilə nəticələnməklə yanaşı, Azərbaycanın Cənubi Qafqaz regionunda həm iqtisadi, həm də siyasi cəhətdən güc mərkəzinə çevrilməsinə çox böyük töhfə verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov