Qlobal çağırışların düzgün cavablandırılmasının yolları açıqlandı

“İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna işıq saldı. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə quruma sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı dövrə təsadüf edir, bu halda irəli sürdüyü təşəbbüslərin uğurlu nəticələrindən danışmamaq mümkünsüzdür. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək COVİD-19-un qlobal problem olduğunu və bunun üçün qlobal mübarizənin aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi və koronavirusla birgə mübarizənin sonrakı dövrlərdə müsbət nəticələri diqqətdən kənarda qalmadı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də 2021-ci və 2022-ci qurumun Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləri sırasındadır: “Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda qurumun qadınlar platformasının yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Azərbaycan, həmçinin postpandemiya dövrü haqqında düşünməli oldu. Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı, ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.”

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan yenidən formalaşan dünya nizamında Qoşulmama Hərəkatının nüfuzunu artırmaq, söz sahibliyini təmin etmək üçün mühüm addımları və çağırışları ilə diqqətdədir: “Dövlət başçısı İlham Əliyevin  Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı hazırda dünya mətbuatında geniş şərh olunmaqdadır. Cənab İlham Əliyev öncə dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri, həmçinin çıxış yollarını açıqladı. Bu reallıq bir daha vurğulandı ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.”

Malik Həsənov diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərzilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi yer alsa da, ölkəmiz  28 il bu qətnamələrin icrasını gözlədi: “Qənamələrin icrası üçün vahid mexanizmin olmaması münaqişələrin həlli prosesinin uzanmasına, ümumilikdə dünyada etimad mühitinə öz mənfi təsirini göstərir. Bu isə təsdiqləyir ki, dünya ədalət və beynəlxalq hüquq problemini yaşayır.”

Millət vəkilinin sözlərinə görə, hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünün mühüm hadisələri sırasında 2020-ci ildə tarixi Zəfərə imza atmağımızı xüsusi qeyd etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Qələbəmiz beynəlxalq hüququn və ədalətin zəfəridir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan hazırda bir sıra mühüm çağırışlarla üz-üzədir. Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü hazırkı dövrün əsas çağırışlarının və gələcəkdə atılması vacib olan addımların müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Quruma sədrliyi dövründə üzv ölkələrin birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə nail olan dövlət başçısı İlham Əliyevin gələcəklə bağlı təklif və təşəbbüslərinə dəstək Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında yeri və rolunun aydın mənzərəsini yaradır.”