Respublika Günümüz haqqında bir neçə söz

Azadlıq əsarət altına düşmüş hər bir xalqın ən böyük arzusu, mövcudluğunu davam etdirmək imkanıdır. Filosoflardan birinin qeyd etdiyi kimi, azad olmaq özün kimi olmaq deməkdir. Bəli, azadlıq öz Vətənində istədiyin kimi, azad insan və azad xalq olaraq yaşamaq xoşbəxtliyidir.

  İtirilmiş milli kimliyimizi geri qaytarmaq – özümüzə qayıtmaq üçün ötən əsrin 20-ci illərində aydınlarımız, milli məfkurə daşıyıcılarımız Rusiya imperiyasının süqutundan sonra dövlətçiliyimizi bərpa edərək azad insanların Xalq Cümhuriyyətini qurdular. Bu, həqiqətən, özümüz kimi olmaq, azad yaşamaq, müstəqil inkişaf etmək üçün tarixin yaratdığı ilk fürsətdən yararlanmaq cəhdi idi. Milli varlığımıza sahib çıxmaq üçün babalarımız 1918-ci ilin 28 mayında Şərqdə ilk azad cəmiyyət sayılan demokratik quruluşu–Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Beləliklə, 28 May tariximizə azadlıq erasının başlanğıcı kimi yazıldı.

 Lakin cəmi iki il mövcud olan müstəqil dövlətimizi çar imperiyasının varisi olan bolşevik Rusiyası süquta uğradaraq bir xalqın azadlıq arzusunu zorakılıqla boğdu, azadlıq şüarı altında xalqımızı yenidən əsarət boyunduruğu altına saldı. Cümhuriyyət qurucularına amansız divan tutuldu, onun verdiyi azadlıq milli varlığın danılması ilə əvəz olundu.

 Azərbaycan total surətdə, zorla itaətə sürükləndi. Uğrunda “qan tökməyə, can verməyə hazır” olduğumuz üçrəngli bayrağımız dalğalandığı yüksəkliklərdən namərdcəsinə endirildi. Müstəqilliyi süquta uğradılmış doğma Vətənimizdə təkcə azadlığımız deyil, dilimiz, əlifbamız, dinimiz və mənəvi dəyərlərimiz sovet Rusiyasının amansız təqiblərinə məruz qaldı.

 İstiqlalına yetişmiş, milli haqlarına sahib çıxmış xalqımızın müstəqilliklə bağı arzu-diləkləri gözündə qaldı. Yenidən yad-yabançı bir dünyaya sürükləndik, özümüz olmaqdan məhrum edildik. Azərbaycanın mütərəqqi ziyalıları və işıqlı insanları repressiya olundu, imperiyaya sadiq yerli nökərlər nəsli – manqurtlar yetişdirildi. Bunlar azmış kimi, Azərbaycanın qərb torpaqlarında Ermənistan adlı dövlət yaradıldı.

 Xalq imperiya məqsədləri üçün neft çıxarmağa, taxıl, pambıq, üzüm əkməyə məhkum edildi. Sovet Azərbaycanın rəhbərliyinə bilərəkdən digər millətdən olan insanlar gətirildi, milli varlığımızı məhv etmək, rənglərini silmək üçün müxtəlif xain üsullara əl atıldı. Lakin bütün bunlar xalqın bağrından qopub siyasi olimpə yüksəlməyə nail olmuş ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə səngidi, milli varlığımız dirçəldildi. Xalqına sahib çıxmış ümummilli lider Azərbaycanı əhəmiyyətli formada dəyişərək milliliyin qorunması, özünüdərkin aşılanması istiqamətində ciddi fundamental işlər gördü.

 Xalq yenidən özünü tanımağa, yaddaşını geri qaytarmağa başladı. Təhlükələrə baxmayaraq dahi rəhbər əvvəlcə ana dilimizi özümüzə qaytardı. İmperiyanın hədə, təhdidləri altında cəsarətli və inanılmaz addımlar atan Heydər Əliyev müstəsna bir məharətlə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail oldu. Sonrakı addımları ilə ulu öndər gələcək müstəqil Azərbaycanın yol xəritəsinin təməlini cızdı. Ölkə sosial-mədəni sahədə sürətlə milliləşdirildi. Müstəqil düşüncəli yeni nəsil yetişdirildi. Xalqın azadlıq arzusunun gerçəkləşməsi üçün münbit şərait yaradıldı.

 Bütün bunların nəticəsi idi ki, şər imperiyası yıxılar-yıxılmaz, xalqımız milli haqlarına sahib çıxdı. Sovet imperiyasına müstəqil cümhuriyyət kimi daxil olmuş Azərbaycan dövləti bu zorakı və yalançı ittifaqdan suveren dövlət kimi çıxmağa nail oldu. Beləliklə, 70 illik əsarətə son qoyuldu. Azərbaycan xalqı tarixi arzusuna qovuşaraq yenidən dövlət müstəqilliyini elan etdi.

Azadlığına qovuşan Azərbaycan Respublikası keçmişə sayğı və ehtiramını nümayiş etdirərək Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. İstiqlalımızın, özgürlüyümüzün bəyanı olan 28 May Respublika Günü tarixi bəraətini aldı. Milli taleyimizdə azadlıq günəşi kimi parlayan həmin tarixi təntənəni ümummilli coşqu və azadlıq eşqinin təcəssümü kimi qeyd etməyə başladıq.

 Lakin düşmən dairələr bu tarixi şansı heçə endirmək üçün 70 il əvvəl olduğu kimi, yenə də azadlığımıza qənim kəsildi, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzbəüz qaldıq. Bu dəfə bacarmadılar! 

Ulu Tanrının xalqın xilası üçün qoruyub saxladığı ümummilli lider əfsanəvi bir qəhrəman kimi Vətənin imdadına yetişdi, ölkənin müstəqilliyini, xalqın azadlığını məhv olmaqdan xilas etdi. Xarici və daxili düşmənlərimizin bütün arzularını ürəyində qoyan böyük strateq kimi Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin təminatçısı oldu. Bu möhtəşəm təminatla müstəqil Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında bütün hədəflərinə nail olaraq regionun super gücü kimi qlobal münasibətlərin vacib tərəfdaşına çevrildi.

  Müqəddəs bayrağımız bu gün dünyanın bütün ölkələrində, möhtəşəm konfrans salonlarında və ən əsası işğaldan azad olunmuş tarixi ərazilərimizdə dalğalanır. Himnimiz planetin hər yerində təntənəli mərasimlərdə əzəmətlə səslənir. 

Bu o deməkdir ki, xalqımız azad, dövlətimiz isə müstəqildir. Azərbaycanın müstəqilliyini bizə əmanət etmiş ulu öndər Heydər Əliyevin dediyi kimi, heç bir qüvvə müstəqilliyimizi sarsıda bilməz.

Müstəqilliyimiz dönməzdir, əbədidir.

Dostlar, azadlığımız, Cümhuriyyətimiz mübarək olsun!

 

Rəşad Mahmudov,

Əməkdar həkim,

Tibb elmləri doktoru