"Rusiya sülhməramlıları yalnız bizə lazım olan müddətdə ərazimizdə qalacaqlar..."

Millət vəkili Cavanşir Feyziyev gündəmin bir sıra aktual mövzusu ətrafında Moderator.az əməkdaşının suallarını cavablandırıb:

- Cavanşir müəllim, İranın beynəlxalq mövqeyi bəlli, ölkə 35 ildir sanksiyalar burulğanında, bu azmış kimi Ukrayna savaşında Rusiyaya dəstəyinə görə dünyada hər kəsin nifrətini qazanıb. Üstəlik əhalisinin yarıdan çoxu azərbaycanlı olan bir dövlətin bu cür anormal diplomatik siyasəti nədən qaynaqlanır? Doğrudanmı onlar anlamır ki, fars rejimi bir barıt çəlləyinin üstündə oturub və hər an partlaya bilər? 

- Hər halda İran hakimiyyəti özünün hansı mürəkkəb vəziyyətdə olduğunu bilir. Əgər əvvəllər zəruri hallarda Rusiyanın siyasi və iqtisadi dəstəyinə arxalana bilərdisə indi bu dəstək də məlum səbəblərdən çox zəifləyib. Rusiyanın özünün dəstəyə ehtiyacı var. İran hələlik dünyada və xüsusilə Avropada baş verən müharibənin kölgəsində ölkə daxilində öz hakimiyyətini qoruyub saxlamağa və möhkəmləndirməyə çalışır. Lakin İran rejiminin hakimiyyəti əldə saxlaya bilməsi üçün xalqa təklif edəcəyi heç nəyi yoxdur. Uzunmüddətli ciddi sanksiyalar altında xalqın rifahının yaxşılaşacağı kimi vəd vermək absurd görünür, buna heç kim inanmaz. İran hakimiyyəti İdarəetmənin demokratikləşməsi və liberallaşdırılması üzrə hər hansı bir addım atmağa cürət etmir, çünki nəticədə kəskin tabulardan xilas olmuş xalq yenə də mövcud hakimiyyəti devirmək üçün ayağa qalxacaq. Deməli, xalqı qorxu hesabına itaətdə saxlamaqdan başqa yol qalmır. Bu isə gec- tez tükənən bir resursdur. Bir gün xalq təşkilatlanaraq elə bil güclü dalğaya çevriləcək ki, onun qarşısında dayanmaq mümkün olmayacaq. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən və İranın əsl sahibi olan Azərbaycan türkləri də o zaman öz haqqlarını tam şəkildə əldə edəcəklər. Düşünürəm ki, bu rejimin heç bir perspektivi yoxdur. 

- Sizcə İran-Azərbaycan münasibətləri nə vaxtadək gərginləşməkdə davam edəcək?

- Belə vəziyyət Rusiya - Ukrayna müharibəsi başa çatanadək davam edə bilər. İran hakimiyyəti inanır ki, Avropanın mərkəzində belə bir qanlı savaşın getdiyi bir vaxtda heç bir dövlət onunla məşğul olmayacaq. Beynəlxalq təşkilatlar da ikinci bir münaqişə ocağının yaranmasında maraqlı olmayacaqlar. Ona görə də İran mövcud beynəlxalq vəziyyətdən sui- istifadə edərək “bölgədə öz maraqları” iddiasını nümayiş etdirir. Lakin bu uzun sürməyəcək. Azərbaycana qarşı atdığı hər hansı bir addım regionda İranın mövqeyini daha da sarsıdacaq və Azərbaycana beynəlxalq dəstəyi daha da gücləndirəcək. O zaman İran iddialarının yersiz və özünün mövcudluğu üçün təhlükəli olduğunu anlayacaq. 

- Rusiyanın Qarabağdakı son 3 illik mövcudluğu hamımızın əsəblərini tarıma çəkib. tarix boyu dovşana qaç, tazıya tut siyasəti yürüdən rəsmi Moskva niyə Azərbaycan kimi dosta qarşı belə namərdlik edir?

- Bu barədə cəmiyyətimizdə fikirlər müxtəlifdir. Lakin mən inanıram ki, müharibə başa çatan zaman və hələ də Rusiya sülhməramlılarının Qarabağ ərazisində olması bizim maraqlarımıza uyğundur. Ermənistanı birtərəfli qaydada dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünə qarşı gizli planlar quran bəzi supergüclərin fonunda bölgədə üçüncü qüvvənin mövcudluğu hələlik bizim mövqeyimizi möhkəmləndirir. Üçüncü qüvvə bizə həm də ermənilərin və havadarlarının şər- böhtanından sığortalanmaq üçün lazımdır. Bunu anlamaq üçünsə 1915- ci ilin real  hadisələrini və bu hadisələrə dünya miqyasında verilən qərəzli qiyməti xatırlamaq kifayətdir. Bu qüvvəyə ehtiyac qalmadığı halda Rusiya sülhməramlılarının ərazidən çıxarılması problem olmayacaq. 

- Biz nə vaxtadək mandatı heç zaman bitməyənə oxşayan erməniməramlılarının davranışlarına dözəcəyik?  Onların vaxtından əvvəl çıxarılmasını tələb edə bilmərikmi? 

- Az öncə dediyim kimi, onların ərazimizdə mövcudluğu bizim maraqlarımıza cavab vermədiyi an Azərbaycan dövləti Rusiya sülhməramlılarını ölkədən çıxaracaq. Buna heç kimin şübhəsi olmamalıdır. Bununla bağlı Qəbələ RLS- i xatırlamaq yerinə düşər. Biz Qəbələdəki Rusiya üçün həyati zərurət daşıyan hərbi bazanı dövlətimizin hələ o qədər də qüdrətli olmadığı bir zamanda ölkədən çıxardıq. İndi bölgədəki geo-siyasi vəziyyət bizim üçün daha əlverişlidir. Ona görə də bu barədə narahat olmağa dəyməz. Rusiya sülhməramlıları yalnız bizə lazım olan müddətdə ərazimizdə qalacaqlar. 

- Niyə millət vəkilləri Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı tikinyi işləri ilə yeerindəcə tanış olmaq üçün oralara səfər etmirlər? Tutaq ki Murovdağ tunelində və Qorçudakı dünyanın ən unikal hava limanlarından biri olacaq tikinti meydançalarına getmək bu qədərmi zor işdir? 

-  Birincisi, azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin başa çatmadığı bir halda əraziyə kütləvi səfərlər mümkün və məqsədəuyğun deyil. Bu həmin ərazilərdə təhlükəsizlik işləri ilə məşğul olanlara  əlavə maneçilik yaratmaq olardı. İkincisi, azad olunmuş ərazilərin təhlükəsiz yerlərinə kifayət qədər səfərlər edilib və bu səfərlərdə əhalinin bütün təbəqələri iştirak edir. Qarabağlılar da, əslən Qarabağlı olmayanlar da, o cümlədən dövlət məmurları və deputatlar da sıx- sıx səfərlər edirlər. Parlamentin bir sıra tədbirləri, o cümlədən beynəlxalq tərkibdə keçirilən bəzi toplantıları da Şuşa şəhərində keçirilib. Jurnalistlər, GHT nümayəndələri demək olar ki, davamlı şəkildə Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, orada müxtəlif televiziya verilişləri çəkilir və telekanallarda hər gün reportajlar yayımlanır. Bütövlükdə elə bir problem mövcud deyil.