Rusiyadan Ukraynanın bir neçə şəhərinə kütləvi raket hücumu: Ölənlər var - YENİLƏNİB

Ukraynada Rusiyanın raket hücumu nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən məlumat verilib.

Son rəqəmlərə görə, 12 nəfər ölüb, 75 nəfərdən çox insan yaralanıb.

12:08

Rusiya Ukrayna paytaxtı Kiyevə və bir neçə şəhərinə kütləvi raket hücumu həyata keçirib.  

Paytaxtda və digər şəhərlərdə silsilə güclü partlayışlar olub. Kiyevdə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, çox sayda xəsarət alan var.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

İlkin məlumata görə, Svyatoşinsk və Podolsk rayonlarında raket qalıqlarının düşməsi qeydə alınıb. Mümkün ziyanla bağlı məlumat dəqiqləşdirilir.

Kiyevin Şevçenko rayonunda raket qalıqları ilə zədələnmiş anbarın dağıntıları altında qalan üç nəfər çıxarılıb, axtarışlar davam edir.

Kliçkonun sözlərinə görə, hazırda paytaxtda 7 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin Podolsk vilayətində 3000 kvadratmetr sahəni əhatə edən anbar yanır. Kiyev Şəhər Hərbi Administrasiyası yanğın faktını təsdiqləyib. Yaralılar var.

Hadisə yerində fövqəladə hallar xidmətləri işləyir.

Həmçinin Lvov şəhərinin meri Andrey Sadovoy şəhərə raket hücumunun nəticələrini əks etdirən kadrlar paylaşıb. Onun sözlərinə görə, zərərçəkənlər var. Təcili yardım xidmətləri hadisə yerindədir.

Eyni zamanda Kiyevdə hücum nəticəsində metro stansiyalarından birinin binasına ziyan dəydiyi də bildirilir.

Raketlərdən biri Dneprdə doğum evinə düşüb, Odessa və Zaporojyedə dağıntılar var. Üç məktəb və uşaq bağçası xəsarət alıb. 

“Bu gün Rusiya “Kalibr”dən başqa hər şeyi işə saldı”, - deyə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat hadisə ilə bağlı qeyd edib.

Rusiyanın hücum zamanı “Kinjal”, ballistik raketlər, “S-300”, qanadlı raketlər, PUA, “X-22” və ya “X-32”dən istifadə etdiyi deyilir. 18-ə yaxın strateji bombardmançı təyyarədən raketlərin buraxıldığı nəzərə çatdırılıb.

“Heç vaxt monitorumuzda eyni anda bu qədər çox hədəf görməmişdik”, - deyə Yuri İqnat vurğulayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, sayı dəqiq bilinməsə də, artıq ölənlər və yararlananlar var.