Sahibə Qafarova  Beynəlxalq Konfransın həmsədri ilə görüşdü

Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirib, Azərbaycan və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib. İCAAP-ın həmsədri Çunq Eui-Yonq vurğulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkləyir və Azərbaycanı yaxın dost hesab edir.

Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İCAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə İCAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə də müzakirələr aparılıb.

Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə də məlumat verərək, YAP-ın İCAAP-ın işinə güclü dəstəyinə və təşkilatda fəal iştirakına görə təşəkkürünü ifadə edib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması, ölkəmizin 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib. Spiker deyib ki, İCAAP-da heç vaxt ikili standartların şahidi olmamışıq və bu təşkilat baş verən proseslərə həmişə obyektiv münasibət sərgiləyib, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh və təhlükəsizliyə hər zaman dəstək verib.

Spiker Sahibə Qafarova həmçinin, cari ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etməsi barədə də danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.