“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

İsmayıllı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də İsmayıllı rayonu Lahıc və Basqal qəsəbələrində seçicilərlə görüş keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, təşviqat qrupunun üzvləri Valeh Salehov, Yaşar Nuriyev və Əhmədağa Ələkbərov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bundan sonra da uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək. Qeyd edilib ki, Zəfər seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Çıxış edən seçicilər qeyd ediblər ki, Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini ürəkdən bəyənir, fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklər.