Səsvermə çox yüksək səviyyədədir, seçki fəallığı müşahidə olunur

“Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları ilk dəfə olaraq ölkəmiz suverenleyini, ərazi bütövlüyünü bərpa etdikdən sonra seçkilərdə iştirak edirlər. Əlamətdar haldır ki, bu seçkilər prezident seçkiləridir”.

Bunu 23 saylı seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva APA-ya açıqlamasında bildirib.

O bildirib ki, Azərbaycan xalqı öz gələcəyini seçir:

“Tərəfimizdən Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə maarifləndirmə tədbirləri keçirilib. Bakı, Şəki, Gəncə, Quba, Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnun təmini istiqamətində maarifləndirmə tədbirləri, treninq və seminarlar keçirilib. O cümlədən bu gün Ombudsman Aparatının 60 əməkdaşı, həmçinin Naxçıvanda 12 əməkdaş müstəqil şəkildə öz təşəbbüsləri ilə müşahidələr aparacaqlar. Müşahidələrini hərbi hissələrdə, Penitensiar Xidmətin müəssisələrində, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirəcəklər.

Mən özüm bir neçə gün öncə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlamış 26 seçki məntəqəsinin müşahidəsini həyata keçirdim. Orada yaradılan şərait, vətəndaşlarımız üçün seçki qanunvericiliyə riayət olunub-olunmaması, açıq və qapalı yerlərin mövcudluğu, təbliğat kampaniyası üçün nəzərdə tutulmuş yerlərin müşahidəsi tərəfimizdən həyata keçirilib.

Səsvermə çox yüksək səviyyədədir, seçki fəallığı müşahidə olunur. Azərbaycan qanunvericiliyi dünyada ən mütərəqqi seçki qanunvericiliyindən biridir. Mən müşahidə etdim ki, 14 şəxs məntəqəyə gəlib səsvermədə iştirak edə bilmədiyi üçün daşınan qutu vasitələri ilə onların səs verə bilmələrinə şərait yaradılacaq. Ələlxüsus sevindirici hadisələrdən biri də budur ki, səsverməyə gələnlər arasında gənclərimiz çoxdur”.