Səttar Möhbalıyev: “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası dövlətimizi bundan sonra da daha böyük zirvələrə qaldıracaq”

“Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin şanlı tariximizdə yerini və rolunu hər zaman yüksək qiymətləndirib. Daim Ümummilli Liderini ehtiramla yad edir, həm doğum günündə, həm də anım günündə böyük insan seli onun məzarı üstünə gedir, ruhuna dualar oxuyur. Eləcə də ideyalarını, zəngin siyasi irsini qoruyub saxlayır, müqəddəs kəlamları dillər əzbəridir. Qədirbilən xalqımız onun siyasi kursuna ürəkdən dəstək verir, varlığının, müstəqilliyinin, inkişafının qarantı hesab edir. Ulu Öndərin müəllifi olduğu siyasi strategiya onun uğurlu davamı sayəsində xalqımızı zirvələrə qaldırdı, qələbədən-qələbəyə daşıdı, dövlətimizi dünyada böyük söz sahibinə, regionda liderə çevirdi. Məhz bu siyasi kurs Azərbaycanın adını kosmos dövlətləri sırasına yazdırdı. Kosmos dövlətləri dünyada barmaqla saylı qədərdir ki, biz də o siyahıdayıq. Biz Azərbaycan xalqı olaraq dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə təşəkkür edirik ki, ötən il sərəncam verərək 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Bu münasibətlə ölkəmizdə yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar keçirildi, idman yarışları, müsabiqələr, sərgilər təşkil olundu. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırladı və uğurla həyata keçirdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

“Xalqı üçün müstəqil, güclü dövlət quran Heydər Əliyevin dövlətçilik strategiyası Azərbaycanımızın uğurlu inkişafına hesablanıb. Bu gün hər birimiz Heydər Əliyevin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan çox qürurluyuq. O həm sovet Azərbaycanının təhlükəsizlik orqanına rəhbərlik edərkən, həm də respublika başçısı olarkən yalnız milli hisslərlə yaşayıb, xalqının mənafeyi naminə çalışıb, insanlarımızı əsassız təqiblərdən qoruyub, milli şüurun inkişafına şərait yaradıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən vaxt respublikamızda vəziyyət son dərəcə ağır idi. Bilavasitə onun rəhbərliyi ilə l970-ci ildən Azərbaycan intibah dövrünə qədəm qoydu, respublikamızın gəlirləri artmağa başladı, göstəricilər yüksəldi. Təkcə 1971-75-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və çalışan müəssisələrdə 32 yeni sex və istehsal sahəsi fəaliyyətə başlamışdı. Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri ölkəmizdə inşa olunmuşdu. Onun Bakı Məişət Kondisionerləri zavodunun inşası naminə göstərdiyi səyləri xüsusilə təqdir olunmalıdır. Zavodun Bakıda tikilməsi xalqımızın dahi oğlunun böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin nəticəsi idi. Bu sıraya biz indiki Bakı Dərin Özüllər Zavodunu da qeyd edə bilərik ki, bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahına xidmət edir”, - Milli Məclisin deputatı deyib.

Səttar Möhbalıyev fikrinin davamında bildirib ki, həmin illərdə Bakının görkəmi əsaslı şəkildə dəyişdi: “Yeni binalar tikildi, geniş abadlıq işləri aparıldı. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması Heydər Əliyevin diqqət yetirdiyi mühüm məsələlərdən biri idi. Məhz onun rəhbər olduğu dövrdə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verildi. On beş mindən çox azərbaycanlı tələbə ittifaqın nüfuzlu ali məktəblərinə oxumağa göndərilmişdi. Qeyd edim ki, həmin məzunlar Azərbaycan müstəqil olduqdan sonra yüksək ixtisaslı kadr kimi ölkəmizə xidmət etməyə başladılar və müstəqil Azərbaycan üçün çalışdılar. Ümumilikdə Ulu Öndərin respublikamıza peşəkar rəhbərliyi onun ittifaq səviyyəsində tanınmasına, nüfuz qazanmasına səbəb olmuşdu. Odur ki, Heydər Əliyev 1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O, həmin vəzifədə gördüyü işlərlə, humanist mövqeyi, ədalətli və sülhsevər yanaşmaları ilə dünya səviyyəsində tanınırdı”.

“Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin başına gələnləri indi də xatırlayanda narahat oluruq. Çox çətin dövr idi, xalqımız ağır sınaqla üzləşmişdi. Amma xalqımızın müdrik qərarı - Heydər Əliyevi yenidən hakimiyyəti gətirilməsi bizi bu bəlalardan xilas etdi. Bugünkü müstəqil, suveren, firavan, qüdrətli Azərbaycan, həqiqətən də, Heydər Əliyevin şah əsəridir. Məlumdur ki, Ulu Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları, xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafı dururdu. Bu yolda həmkarlar ittifaqlarının fəaliyyətini nəzərə alaraq ona hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquq və mənafeylərinin qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və birbaşa nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bu qanunla həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”, - AHİK sədri bildirib.

O əlavə edib ki, yaratdığı Azərbaycanı öz layiqli davamçısına etibar edən Ulu Öndər bununla ölkəmizin xoşbəxt gələcəyinin əsasını qoydu: “Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin tərəqqi strategiyasını qətiyyətlə davam etdirərək ölkəmizi qüdrətli ölkəyə çevirib. Ötən 20 ildə cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Onun gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Xoşbəxtik ki, biz öz torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub, müqəddəs bayrağımız doğma Vətənimizin hər bir guşəsində - Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır”.

Səttar Möhbalıyev vurğulayıb ki, bu gün ölkəmizin vətəndaşları öz dövləti ilə qürur duyur, qazanılan nailiyyətlərlə, əldə olunan uğurlarla fəxr edir: “Əminik ki, gələn il fevralın 7-də Prezident seçkilərinə gedəcək xalqımız yenə də tərəqqiyə, inkişafa, əmin-amanlığa səs verəcək. Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir, onun bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir. Əminik ki, Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək, xalqımız xoşbəxt və firavan həyatına davam edəcək”.