Səudiyyə Ərəbistanını hədəf götürən İran təhlükə qarşısında  - Şərh 

“Səudiyyə Ərəbistanı İraq deyil. İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İrandan Səudiyyə Ərəbistanına yönəlik hərbi təhdidlərə diqqət çəkib:

“ABŞ-ın aparıcı nəşrlərindən biri “Wall Street Journal”da İranla bağlı maraqlı yazı dərc olunub. Qəzetə açıqlama verən ABŞ və Səudiyyə rəsmiləri İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər. Səudiyyə Ərəbistanının bu kəşfiyyat məlumatını ABŞ rəsmiləri ilə bölüşdüyü bildirilən xəbərdə iki ölkə və bəzi digər dövlətlərin ordularının hazır vəziyyətdə olduqları qeyd edilib.

İranda vəziyyət gərgindir, mitinq və küçə yürüşləri davam edir. Normalda İrandakı hakimiyyət hansısa islahatlar həyata keçirməlidir ki, vəziyyəti nisbətən sabitləşdirə bilsin. Ancaq İrandakı rejim islahata meylli deyil, çünki bunun sonun başlanğıcı olacağından ehtiyat edir. Belə vəziyyətdə xarici düşmənlərə ehtiyac var ki, diqqət yayınsın.

İran İraqın şimalını bombaladı, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, indi də Səudiyyə Ərəbistanını hədəf götürməsi barədə xəbər yayılıb.

Səudiyyə Ərəbistanı İraq deyil, İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək. ABŞ və Böyük Britaniyadan tutmuş müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər bir çox dövlətlər İranı hədəf götürəcəklər. Üstəgəl, İranda yaşayan ərəblər də seyirçi qalmayacaqlar”.