Siyasi dialoq bütün səviyyələrdə zəruridir

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış , fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir. Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda - partiyalar arası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir və beləliklə konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.

Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay əvvəl parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə - mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı