Söyüdlü hadisəsindən sui-istifadə edənlərin ünvanı dəyişməyib

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bununla bağlı şəxsi mülahizələrimi bölüşməzdən öncə, zəruri bir qeydi etmək istərdim. Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq bildirdi ki, yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə etmiş polis əməkdaşı haqqında zəruri tədbirlər görüləcək. Nazirliyin məlumatında xüsusi vurğulanan bu məqam həm də o deməkdir ki, ictimai təhlükəsizliyin qorunmasında kifayət qədər əməyi olan bir orqanın fəaliyyətinə xələl gətirən heç bir əməkdaşa güzəşt edilməyəcək. DİN-nin açıqlaması ictimai dəyərləndirmələrlə tam üst-üstə düşür. Bununla yanaşı, bir polis nəfərinin dəyərlərimizlə uzlaşmayan, ölçüsüz-biçisiz hərəkətinin qəbahəti bütün polis işçilərinin ayağına yazılmamalıdır. Eyni zamanda, vəzifə başında olan polisə müqavimət göstərilməsi, güc tətbiq edilməsi də yolverilməzdir.

 

Söyüdlü hadisəsində diqqətçəkən bir neçə başqa məqam da var. Kütləvi aksiyanın önündə gedənlərin böyük əksəriyyəti xanımlardan, xüsusilə yaşlı insanlardan ibarət idi. İnternet dövründə fərqli davranış tərzinin və fərqli dəyərlərin “küləyi” cəmiyyətimizi nə qədər tutsa da, heç cür inandırıcı deyil ki, əsrlərə söykənən davranış tərzimiz və dəyər seçimlərimiz kənardan gələn mehin təsiri altında bu qədər dəyişə bilər, xüsusən ucqar dağ kəndində. Uşaqlı-böyüklü, qadınlı-kişili dağ adamları yaşadıqları təbiətin çətinliklərinə uyğunlaşaraq nə qədər sərt olsalar da, onlar adət-ənənələrimizə daha çox bağlı olurlar. Dağ insanlarının fərqli xüsusiyyətlərindən biri də hər kəsin öz yerini bilməsindədir. Şübhəsiz ki, Söyüdlü kəndində də bu, belədir. Amma bu aksiyada yaşlı qadınların önə verilməsi ölkəmizdə radikal müxalifətin istifadə etdiyi və ərəb ölkələrindəki inqilablar zamanı sınaqdan keçirilmiş sosial narazılıqların yetişdirilərək idarə olunması texnologiyası ilə eynilik təşkil edir. Diqqəti çəkən başqa bir məqam onunla bağlıdır ki, bu aksiya Ermənistanın Naxçıvan ilə sərhəddə-Arazdəyəndə tikməkdə olduğu metallurgiya zavodunun inşasına ölkəmizin rəsmi məqamlarının və ictimai sektorun etiraz etdiyi gərgin bir vaxta təsadüf edir. Haqlı etirazımızın səbəbi həmin zavodun yaradacağı ekoloji təhlükə ilə bağlıdır. Ermənistan bu zavodu ABŞ bayrağı altında inşa etməklə heç də hansısa iqtisadi maraqlarını güdmür. Onun məqsədi işğal altında saxladığı Kərki kəndinin gələcək yurisdiksiyasını  öz xeyrinə sığortalamaqdır. Belə bir şəraitdə Ermənistanla sülh müqaviləsinin imzalanmasına  ciddi-cəhdlə mane olmağa çalışan məlum xarici dairələrin sui-istifadə etdiyi əsas arqument Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyi ilə bağlıdır. Söyüdlü hadisəsindən sonra Ermənistanın, ona havadarlıq edən ölkələrin və Avropadakı bəzi beynəlxalq təşkilatların bu “arqumenti”  necə qabartdıqlarını yenidən görməkdəyik. İndi onların geninə-boluna istifadə etdikləri əks-arqument ondan ibarətdir ki, ekoloji problemlərlə öz ölkənizdə məşğul olun. Belə bir həssas dönəmdə bu cür fürsətin ermənilərə verilməsini yalnız təsadüf amili ilə əlaqələndirənlər düşmənlərimizin və bədxahlarımızın nə qədər hiyləgər və əliuzun olduğunu nəzərə almırlar. Məkrli planı cızanların əsas hədəflərindən biri də hüquq və təhlükəsizlik pərdəsi altında Laçında qurduğumuz sərhəd-keçid məntəqəsinin fəaliyyətinə son qoymaqdır. Ona görə də Söyüdlü kəndindəki aksiyanın məhz indiki həssas dövrə “təsadüf” etməsi və sırf ekoloji motiv altında keçirilməsi, iddiaların obyektivlik dərəcəsindən asılı olmayaraq, bir çox suallara yol açır. 

 

Bu sualları gücləndirən dəlillərdən biri də özünü radikal müxalifət adlandıran siyasi kəsimin Söyüdlü hadisəsinə aşırı dərəcədə fokuslanması və gedişatı məqsədli şəkildə qızışdırmaq cəhdləri ilə bağlıdır. Nəzərə alsaq ki, ölkəmizin haqlı tələblərini görməzdən gələn, o cümlədən Laçındakı sərhəd-keçid məntəqəsinin açılmasını qanunsuz hesab edən bəzi beynəlxalq qurumlar ölkəmizdə “fəaliyyət” göstərən müxalifyönümlü qeyri-hökumət təşkilatları üçün qrant vəsaitlərinin həcmini birdən-birə dəfələrlə artırıb, belə bir sual da yaranır: on bir il əvvəl yaradılan su yatağına bu illər ərzində sionid tullantısı axıdıldığı halda, aksiya niyə məhz indi keçirildi və niyə yaşlı ana-bacılarımız aksiyanın önünə verildi? Bunları deməklə heç də o fikirdə deyiləm ki, iştirakçıların hamısı öyrədilmiş və ya aksiyaya təhrik edilmiş şəxslərdir. Onu da iddia etmirəm ki, onlar hansısa tələblərində haqlı və ya haqsızdırlar. Bunu Hökumətin yaratdığı səlahiyyətli komissiyanın və peşəkar ekspertlərin rəyi əsasında deyə biləcəyik. Amma o da  şübhəsizdir ki, Söyüdlü sakinlərinin ehtimal və fərziyyələri, tələb və iddiaları yerində araşdırılmalıdır, necə ki, araşdırılır.

 

Düşünürəm ki, bir məqam da diqqətdən yayınmamalıdır. Qısa fasilələrlə Saatlıda, ardınca Daşkəsəndə, daha sonra Gədəbəydə su, örüş yeri və ya ekoloji tələb adı altında keçirilən aksiyalar arasında hansısa bağlılığın olub-olmadığı və bundan irəli gələn digər xüsusatlar da araşdırma predmeti olmalıdır. Axı, yerlərdəki dövlət qurumları ərazidə hansı proseslərin getdiyini, onların nə dərəcədə təbii olduğunu, yaxud kənardan idarə edildiyini əvvəlcədən bilməli, lazım olduğu təqdirdə, yuxarı orqanlar qarşısında məsələ qaldırmalı, başqa sözlə, vəzifələrini yerinə yetirməlidirlər. Dəfələrlə şahidi olmuşuq ki, ölkə Prezidentinin təyin etdiyi məmurlardan bir tələbi olub: daima əhalinin içərisində olmaq, onların problem və qayğılarını öyrənmək, səlahiyyətləri çərçivəsində bu problemləri gecikdirmədən həll etmək,  zərurət yarandıqda, Mərkəzi İcra hakimiyyəti orqanları qarşısında müvafiq məsələ qaldırmaq. Əminəm ki, Hökumət komissiyası Söyüdlü sakinlərinin tələb və iddiaları ilə bağlı obyektiv mənzərəni ortaya çıxaracaq və ictimaiyyətə ətraflı məlumat veriləcək. 

 

Ermənistan və ona havadarlıq edən xarici dairələr  ölkəmiz əleyhinə növbəti məkrli ssenariyə hazırlaşdıqları bir vaxtda, bu cür hadisələrdən sui-istifadə edən, onları qızışdıran və bəzən də vətəndaşları belə hadisələrə təşviq edən radikal müxalifətin nümayəndələri bilməlidir ki, başlarını nə qədər qamışlıqda gizlətməyə çalışsalar da, onların bədən cizgiləri və ölçüləri artıq cəmiyyətimizə məlumdur. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti yaxşı bilir ki, belələrinin əsl məqsədi vətəndaşların qayğı və problemlərinin yanında olmaq deyil. Onların niyyəti aranı qarışdırmaq, ölkədə sabitliyin pozulmasına nail olmaq, o cümlədən Söyüdlü kimi kəndlərimizin saf camaatının emosional hissləri üzərindən kiçik də olsa siyasi dividend qazanmaqdır. Bunlar o şəxslərdir ki, həmkarım Fazil Mustafanın həyatına sui-qəsd edilərkən, onlara bağlı olan internet resurslarında təbliğ olunurdu ki, inanmayın, yalandır, oyundur. Az qalmışdı deyəydilər ki, deputat özü-özünü güllələyib. Hətta bunu desəydilər də, təəccüblənməzdim. Çünki bunlar Prezident İlham Əliyevin müstəqil siyasi kursunu həzm edə bilməyən bəzi xarici mərkəzlərin rəğbətini qazanıb etimadını doğrultmaq üçün bir vaxtlar cəmiyyətimizə aşılamağa çalışırdılar ki, İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın  bir qarışı da işğaldan azad olunmayacaq. Torpaqlarımız azad edildikdən sonra isə, Ermənistan və ermənilərin “bacı” şərəfini qoruyan Fransa onlar üçün ən etibarlı məlumat qaynağına çevrildi. Paşinyan onların nəzərində az qala “demokratiya zirvəsi”, Makron isə bu yalançı zirvənin toxunulmaz sütunudur. Kimsə Paşinyan haqqında deyəndə ki, onun siyasi sələflərindən heç bir fərqi yoxdur və “Qarabağ Ermənistandır və nöqtə” deyən kəs demokrat hesab oluna bilməz, elə bil, bunlara od qoyurlar. Müharibənin ilk günlərində “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” deyən Makron isə onların gözündə həsrətlə gözlədikləri “ağ atlı oğlandır”. Yalnız ona görə ki, Prezident İlham Əliyev ölkəmizin maraqlarını qorumaq naminə illərdir ki, belələrinin qarşısında dik dayanıb. Özünə siyasətçi deyən şəxs, ilk növbədə, ölkəsinin maraqlarını düşünməlidir. Ölkə yoxdursa, onda onlar kimin, hansı ölkənin vətəndaşının hüquq və maraqlarını qoruyacaq? Ölkəsinin ərazi bütövlüyünü təhdid edən və ya suverenliyini şübhə altına alan siyasi dairələrin rəğbətini qazanmağa çalışan siyasətçi heç vaxt Azərbaycan vətəndaşının mənafeyini qoruya bilməz. Radikal müxalifət də məhz bu mövqedə olduğu üçün, onun guya vətəndaşın yanında olması görüntüsü aldadıcı və yalandır. 

 

Radikal müxalifətin nümayəndələri  milli maraqlarımız haqqında ciddi düşünə bilsəydilər və bu, onlar üçün həqiqətən prioritet olsaydı, Türkiyədə keçirilən son Prezident seçkilərində onlara bağlı olan internet resurslarında Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hədəfə alınmaz, gecə-gündüz müxalifət namizədinin təbliğatı aparılmazdı. Yalnız ona görə ki, iki qardaş ölkənin Liderlərini tarixi köklərimiz və dövlətlərarası münasibətlərimizlə yanaşı, səmimi dostluq əlaqələri də bağlayır. Dövlət başçıları arasındakı bu cür münasibət ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət etdiyi halda, bu, yalnız düşmənlərimizi, bədxahlarımızı və bir də bu cür siyasət nakamlarını məyus edə bilər. Özü də onlara bağlı olan internet platformaları Türkiyədəki Prezident seçkilərində o şəxsi hədəfə almışdılar ki, həmin siyasi Lider müharibə günlərində öz sələflərindən fərqli olaraq, Azərbaycana misilsiz mənəvi-siyasi dəstək vermişdi. Bu cür yaxşılığın qədrini bilməyən siyasətçinin guya vətəndaşın qədrini biləcəyini düşünmək, ən yumşaq halda, sadəlövhlükdür. Xankəndi-Laçın yolunda ekoaktivistlərin aksiya keçirdiyi günlərdə radikal müxalifətin təmsilçiləri iddia edirdilər ki, həmin aksiyanı dövlət özü təşkil edib. Onların bu açıqlamalarından Ermənistan və ona havadarlıq edən məlum dairələr, eləcə də Avropadakı bəzi beynəlxalq təşkilatlar ölkəmiz əleyhinə məharətlə istifadə etdilər, hələ də istifadə edirlər. Halbuki, bu aksiya nəticəsində Ruben Vardanyan kimi oyuncaq ünsür qondarma rejimdəki rəsmi təmsilçilikdən kənarlaşdırıldı və sonda Laçında sərhəd-keçid məntəqəmiz yaradıldı. Tutalım, bu bədniyyətlilərin iddia etdiyi kimi, ekoaktivistlərin aksiyası təşkil olunmuşdu. Amma bu aksiya sənin xalqının, ölkənin maraqlarını təmin edirsə, niyə için göynəyir, niyə buna don geyindirib bədxahlarımızın oyununda rubensayağı  ucuz alətə çevrilirsən? 

Heç şübhəsiz ki, xalqımız bütün bunları görür, belələrinin Söyüdlü hadisəsindən sui-istifadə cəhdlərinin əsl səbəbini də bilir. Məhz buna görə də vətəndaş cəmiyyətinin nümayəndələri onların əndazəni aşan ritorikaları, təhqir və böhtanları, özlərindən müştəbehliyi qarşısında susmamalıdır. Çünki belələri susmağı və həlim davranışı siyasi nəzakətin təzahürü kimi deyil, zəiflik və arqumentsizlik kimi başa düşürlər. Elə bu səbəbdən, cəmiyyətimiz, qeyri-hökumət təşkilatları, media qurumları və siyasətçilər yeri gəldikcə onlara haqq etdikləri yeri göstərməlidir. Söhbət dövlətin inzibati tədbirlərindən yox, ictimai qınaqdan gedir. Bunu həm də ona görə etməliyik ki, Binəqədidən o tərəfi demirəm, heç burnundan uzağı görə bilməyən bu cür siyasi nadanları tələyə salan, onları müxtəlif vədlərlə şirnikləndirən xaricdəki bəzi mərkəzlər də Prezident İlham Əliyevin iyunun 23-də yeni Komando hərbi hissəsinin açılışı zamanı verdiyi mesajın kökünə vara bilsinlər: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz... Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

 

Ülvi Quliyev
Milli Məclisin deputatı