Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

8 rus hərbçisini öldürməyə görə işdən çıxarılan korpus komandanının kimliyi bilinib.

Sabahinfo.az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs MN 1-ci Korpusun komandanı Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu, 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.

Q.Abbasov 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub. O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.

Onu da bildirək ki, hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan da həlak olub.