Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin fikirləri hər zaman beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib”

“Bütün sahələrdə davamlı inkişaf yolu tutan, xüsusilə iqtisadi sahədə böyük nailiyyətlərə imza atan, nəhəng enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür, qlobal mövqelərini durmadan yüksəldir. Ölkəmizin inkişaf göstəriciləri bir daha sübut edir ki, bəzi dövlətlərin 200 ildə əldə etdiyi nailiyyətləri biz son 20 ildə qazanmışıq. 2003-cü ildən bu tərəfə ümumi daxili məhsulun dörd dəfə, dövlət büdcəsi gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artması, ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulması dediklərimizin bir daha təsdiqidir. Bütün bu uğurların müəllifi olan dövlətimizin başçısı cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldı, reallaşdırdığı layihələrdən və onların əhəmiyyətindən, həmçinin qarşıda görüləcək işlərdən bəhs etdi. Öncə onu deyim ki, Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri, eləcə də müxtəlif platformalarda etdiyi çıxışlar beynəlxalq ictimaiyyətin hər zaman diqqətində olur. Hətta Vətən müharibəsi gedən vaxt və ondan sonrakı dövrdə verdiyi müsahibələr dünyada ən çox izlənilənlər sırasında idi. Məntiqli cavabları, tutarlı arqumentləri və dəyərli fikirləri ilə erməni yalanlarını üzə çıxardı, iftiralarını iflasa uğratdı. Həm də beynəlxalq KİV, ekspertlər, politoloqlar mövzu üzrə danışarkən birmənalı şəkildə cənab İlham Əliyevin müsahibələrindəki fikirlərinə istinad edirdilər”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindəndir: “Onun müəllifi olduğu reallıqlar regionda sülh və təhlükəsizliyə, əməkdaşlığa geniş yol açıb, təşəbbüsləri ilə ərsəyə gələn layihələr Avropanın üzləşdiyi enerji böhranında yeganə çıxış yolu hesab olunur. Müdrik siyasəti ilə Azərbaycanı dünya, o cümlədən region üçün ən əhəmiyyətli ölkəyə çevirib. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində dünya ictimaiyyəti onun ədalətli mövqeyinə, humanist və demokratik yanaşmalarına şahid oldu. Odur ki, cənab İlham Əliyevin müxtəlif aspektdə fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir”.

“Prezidentimiz “Euronews” televiziyasına müsahibəsində əsas dövlət xərcinin istiqamətini qeyd etdi. Bu gün qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Sakinlərin öz yurdlarına dönməsi prosesi davam edir, 2026-cı ilin sonunadək 140 min sakinin yerləşdirilməsi nəzərdə tutulub. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu işin öhdəsindən layiqincə gələcək və “Böyük Qayıdış” proqramını uğurla yekunlaşdıracaq. Dövlətimizin başçısı Azərbaycanda bərqərar olan siyasi sabitliyə də toxundu. Bununla bağlı bildirim ki, bu, bizim ən böyük nailiyyətimizdir. Çünki daxildə sabitlik, birlik olmasa, heç bir inkişafdan, tərəqqidən söhbət belə gedə bilməz və bunu müdrik xalqımız aydın dərk edir. Azərbaycanda mövcud olan sarsılmaz sabitlik, həmrəylik nümunəvi xarakter daşıyır. Parlaq Qələbəmizlə sona çatan Vətən müharibəsində dünya bunun bir daha şahidi oldu”, - Milli Məclisin deputatı deyib.

Səttar Möhbalıyev bildirib ki, Prezidentimiz Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə aydınlıq gətirməklə onların iddialarının əsasız olduğunu göstərdi: “Bütün dünyaya məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır”.