Tanınmış şair Ramiz Qusarçaylının yubileyi qeyd olundu

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə oxucular, mədəniyyət işçiləri, qubalı şair və yazıçılar, ADPU-nun Quba filialının müəllim və tələbələri, Quba şəhər H.Hüseynov adına 4 saylı Humanitar Fənnlər Təmayüllü Məktəb-Liseyin şagirdləri, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru N.Məmmədli   və digər qonaqlar iştirak etdilər. 

Tədbirin əvvəlində ölkəmizin ərazi bütovlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı açaraq, şairin yaradıcılığından, şeirləri ilə özünə sağlığında heykəl ucalda bilən, şairin yaradıcılığının şah əsəri olan möhtəşəm “Azərbaycan bayrağı” şeiri ilə bütün ölkədə sevilməsindən ətraflı məlumat verdi. 
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova   və yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli çıxış edərək tanınmış şair Ramiz Qusarçaylının yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi tövhələrdən danışaraq, şairin Azərbaycanda və ölkə hüdudlarından kənarda sevilən “Vətən” poemasının əhəmiyyəti haqqında fikirlərini söylədilər. 

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Arif Nəbiyev, Quba rayon MKS-inin direktoru Saməddin Nəsirov, rayon ziyalısı Sahib Məmmədov, ADPU-nun Quba filialının müəllimləri Nəhayət Şirinova və Kəmalə Bayramova və b. yubilyarı təbrik edərək, onun poeziyası haqqında ürək sözlərini söylədilər. 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova  şair Ramiz Qusarçaylıya Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim etdi.

Sonda çıxış edən şair tədbirin təşkilində əməyi olan və tədbirə təşrif buyuran hər kəsə minnətdarlığını bildirdi.

Tədbirin bədii hissəsində Ramiz Qusarçaylının məşhur “Azərbaycan bayrağı” şeiri səsləndirildi və şairin sözlərinə yazılmış mahnılar ifa olundu. Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, xanəndə Seyfulla Ağayev Ramiz Qusarçaylının şeirinə bəstələnmiş “Bəstə Nigar” mahnısını ifa etdi.