Tanrı haqlı analar və qadınlar haqqında bir neçə söz

İnsanlığın tarixi inkişaf səviyyəsini müəyyən edən sivil dəyərlər sırasında qadına münasibət ən önəmli meyarlardan sayılır. Bu baxımdan, hələ qədim zamanlardan Azərbaycan xalqı qadını əziz və sevimli varlıq sayıb. Əcdadlarımız qadınlara müqəddəs ana, mehriban bacı, zərif övlad, sadiq tale ortağı kimi yanaşıblar.

   Qadının ailədə və cəmiyyətdə yüksək mövqeyinin qədimdən-qədim nişanələri bayatı-nağıllarımızda, salnamə-dastanlarımızda parlaq və geniş əksini tapıb. Qutsal millət kitabımız “Dədə Qorqud”da qadının mövqeyi hamıdan ucadır, Ana haqqı Tanrı haqqı məqamındadır. Hətta sivil ölkələr qadını ictimai arenaya tarixin son dövründə buraxdığı halda Azərbaycanda Nüşabə, Tomiris, Məhinbanu, Şirin kimi analar tək öz ailəsini deyil, həm də böyük bir cəmiyyəti zəka və hünərlə idarə ediblər. Orta əsrlərdə Sara xatun kimi dövlət adamımızın diplomatik fəaliyyəti bu gün də dünya siyasi tarixində öyrəniləsi bir örnəkdir. Tarixin hər dönəmində bu ənənə qorunub saxlanılıb.

 Min illərlə oturuşmuş bu ictimai əxlaq və milli davranışın nəticəsi idi ki, itirilmiş dövlətçiliyimizi bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyəti demokratik Qərb dövlətlərindən xeyli əvvəl qadınlara kişilərlə bərabər hüquqlar bəxş etmişdi. Qadını iş robotuna çevirmiş sovet dönəmində də xalqımız zərif varlığı bacardığı qədər himayə edib, ona layiqli münasibət göstərib.

   Azərbaycanın müstəqillik illərində isə qadınlarımız cəmiyyət həyatının bütün sahələrində özünün üstün keyfiyyətlərini nümayiş etdirmək, həyatlarını arzularına uyğun və yüksək standartlar əsasında qurmaq imkanları əldə ediblər. Onlar bu ümummilli ehtiram və üstün statusu Azərbaycan milli azadlıq hərəkatında və ərazilərimizin bütövlüyü uğrunda mübarizədə fəal iştirakları, yüksək vətəndaşlıq mövqeləri ilə qazanıblar.

   Son 30 ildə qadın hüquqlarlarının qorunması dövlətimizin əsas sütünlarından biri olub. Müstəqil ölkəmizin Konstitusiyasının qəbulundan sonra ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Daha sonra ümummilli liderin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə bu məqsədlə Qadın Problemləri üzrə Dövlət Komitəsi ( indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradıldı. Bununla yanaşı, cəmiyyətimizin ayrılmaz hissəsi olan qadınların dövlət idarəçiliyi sistemində təmsil olunması təmin olundu. Bu ənənə Prezident İlham Əliyevin fəaliyyəti dövründə daha geniş şəkildə vüsət aldı. Bunun məntiqi nəticəsi olaraq bu gün ölkəmizin siyasi, ictimai, elmi, mədəni həyatında qadınlarımızın rolu əvəzsizdir və fəaliyyətləri yüksək şəkildə davam edir. Birinci xanım Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin mükəmməl örnəyi Azərbaycan qadınına, bütövlükdə xalqımıza bütün dünyada hədsiz hörmət və şöhrət gətirir.

    Tarixin bütün dövrlərində olduğu kimi, elə indi də qadınlarımızın fəaliyyəti hər cür alqışa layiqdir. İstər dövlət, özəl sektorda, istər evdə və ictimai fəaliyyət sahəsində ləyaqəti, bilik və bacarığı ilə ön mövqedədirlər. Azərbaycan qadınının zəkası, əxlaqı, hünəri xalqımıza bütün dünyada başucalığı gətirir. Analarımızın, böyüdüb, tərbiyələndirdiyi müstəqillik dövrü gəncliyi isə Azərbaycana öz tarixinin ən ağır problemini həll etməklə yüksək və şərəfli zəfərini bəxş etdi.

     44 günlük şərəfli müharibədə qadınlarımızın Vətən sevgisi, hərtərəfli qayğıkeşliyi, dözüm və dəyanəti bütün cəmiyyəti qələbəyə ruhlandırdı. 

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçülərimizin anaları bu şəhadəti faciə kimi deyil, milli qurtuluş sevinci kimi qəbul etdilər və ucadan “Vətən sağ olsun, dedilər!”.

    Bu böyüklük, bütövlük Azərbaycan qadınını tariximizdə daha bir mənəvi ucalığa yüksəltdi. Bizə də həmişə uca olmağı və Vətəni sevməyi Azərbaycan qadını dediyimiz anamız öyrətdi! 

 Biz qadınlarımzla fəxr edirik. Dünyamızın isti nəfəsi olan və ən çətin günlərimizdə kişilərimizlə çiyin-çiyinə həyatın ağır və şərəfli yükünü daşıyan qadınlarımız başımızın tacıdırlar.

   Bayramınız mübarək, əziz qadınlar! Səadət və sevinciniz heç zaman tükənməsin! Məğrur qamətiniz heç vaxt əyilməsin!

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

tibb elmləri doktoru