Təhsil müəssisələrinə ayaq açan ZƏRƏRLİ İÇKİLƏR: "Məhdudiyyət həll yolu deyil"

Böyükdən kiçiyə, demək olar ki, hər kəs insan orqanizminə zərərli içkilərdən istifadə edir. Hətta marketlərdə azmış kimi, məktəbəqədər təhsil müəssisələrində və məktəblərin bufetlərində də sağlamlığa zərərli qazlı, şəkərli içkilər satılır.

Təhsil müəssisələrində belə içkilərin azyaşlılara satılması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Rəşad Mahmudov Yenicag.az-a açıqlamasında qazlı və şəkərli içkilərin satışına hər hansı bir məhdudiyyət tətbiq edilməsinin problemin həllində effektiv üsul olmadığını deyib.

O, uşaqları bağça yaşlarından etibarən zərərli vərdişlərlə bağlı məlumatlandırmağın vacib olduğunu bildirib:

“Qazlı və şəkərli içkilərin xəstəliklərin təməlini yaradan metabolizma pozğunluqlarına səbəb olduğu tibbi tərəfdən sübuta yetirilib. Əlbəttə, qazlı içkilərin bu gün dünyadakı istifadəsinin nə qədər geniş yayıldığı hər kəsə məlumdur. Onlara hər hansı bir məhdudiyyət tətbiq etməklə problemin həllinə nail olmaq çətindir. Odur ki, uşaqları bağça yaşlarından etibarən qeyd olunan içkilərin zərərləri barədə məlumatlandırmaq lazımdır. Unutmayaq ki, uşaqlar daha çox böyükləri tərbiyə etmək gücünə malik olurlar. Bəzən bəlli bir yaşa gəlmiş insanın öz üzərində edə bilmədiyi dəyişiklikləri övladlarının onlara təsiri nəticəsində edə bilirlər. Ona görə də hesab edirəm ki, məktəb yaşlarından etibarən istənilən zərərli vərdişlərin insan bədəninə təhlükəsini nümunələrlə başa salmaq daha effektivdir”.