Tərəqqi və rifah naminə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Hacıqabul rayonunun Birinci Udullu kəndində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təbliğat qrupunun üzvləri Sahib Aslanov və İntiqam Abdulov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın bir çox mötəbər tədbirlərinin tribunalarında çox böyük qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarını həm döyüş meydanında, həm də diplomatik danışıqlar müstəvisində əldə etdiyi şanlı qələbələrlə təsdiqlədi: “Bununla da Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışına çevrildi. Və bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində qürurla dalğalanır”.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün təbliğat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq kənd ərazisində seçicilərlə fərdi görüşlər də keçiriblər.