"Tezliklə Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq" - Deputat

"Bu gün Qarabağ üçün tarixi günlərdən biridir. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib. Bu, reinteqrasiyanın başlanğıcıdır".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, açılan yeni səhifə  yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər: "44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq antiterror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağırışlardır. Regiondakı yeni düzən Azərbaycanın geosiyasi mövqeyini daha gücləndirməkdədir".

Deputat Razi Nurullayev qeyd edib ki, Qarabağda olan etnik erməni separatçılar ram edilib. Onun sözlərinə görə, həyata keçirilən antiterror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldırıb təslim oldular:

"Bu gün də Azərbaycan cəmiyyətinə reinteqrasiyanı müzakirə etmək üçün Yevlax şəhərinə gəldilər. Cəmi bir sutka ərzində Azərbaycan Ordusu Prezident İlham Əliyevin başçılığı altında düşməni diz çökdürdü və demək olar ki, separatizmin kökünü birdəfəlik kəsdi. Tezliklə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasının da şahidi olacağıq".