Türkdilli dövlətlərdən biri bayrağının dizaynını dəyişir

Qırğızıstan parlamentinin deputatları ölkənin dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər.

Parlamentdə müvafiq qanun layihəsinin üçüncü oxunuşunda dövlət bayrağının dizaynının dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə beş deputat səs verib.

Daha əvvəl isə qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib.

Qırğızıstan dövlət bayrağının dizaynının dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə parlamentin sədri Nurlanbek Şakiyev çıxış edib.

Lakin müzakirələr başlayandan bir müddət sonra ölkə Prezidenti Sadır Japarov qeyd edib ki, spikerə bayrağın dəyişdirilməsi təklifini özü verib.

Sadır Japarov bildirmişdi ki, Qırğızıstan bayrağında olan rəng və təsvirlər günəbaxanı xatırladır:

“Hətta elə hallar olub ki, ölkəmizə səfər edən əcnəbilər burada çoxlu günəbaxanın bitdiyini düşünüblər. Ona görə də, bəlkə də, bayrağımızın görkəminə yenidən baxmağın vaxtı çatıb. Dünyanın bir çox ölkələrində dövlət bayrağının elementlərində müəyyən dəyişikliklər edilməsi praktikası var”.

Yeni dəyişikliyə əsasən, bayrağın mərkəzində olan alaçıqdan çıxan dalğavarı Günəş şüaları düz şüalarla əvəz ediləcək.