“Türkiyə hazırda çox doğru mövqe sərgiləyir”- Ramiz Alıyev

ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms Obrayen bildirib ki, Rusiyaya qarşı qəbul olunan sanksiya qərarlarına Türkiyə də riayət etməlidir.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Türkiyə fərqli mövzularda çox mühüm rol oynayıb. C.Obrayen Türkiyənin vacib tərəfdaş olduğunu xüsusi vurğulayaraq əlavə edib ki, maraqlar tələb etdiyi təqdirdə Ankaraya da sanksiyalar tətbiq edilə bilər.

Görünən odur ki, bölgədə Türkiyənin nüfuzunun artması müəyyən qüvvələrin marağında deyil. Ciddi cəhdlərlə, hətta hədələyərək Türkiyəni də ABŞ-ın maraqlarına uyğunlaşdırmağa çalışırlar. Bu həm də seçkiöncəsi təzyiq və ya təhdid kimi də qəbul edilə bilər.

Azerforum xəbər verir ki, politoloq Ramiz Alıyevin Bizimyol.info xəbər portalına bildirdiyinə görə, həm ABŞ departamenti, həm də Qərb ölkələri hər zaman istəyiblər ki, Rusiya və digər ölkələrlə apardıqları mübarizədə mütləq şəkildə başqa ölkələr də iştirak etsin. Bu da həmin müharibədə özlərinin az zərər görməsi üçün hesablanmış bir siyasətdir.

“Həm müharibə etdikləri ölkələrin, həm də o müharibəyə qoşa bildikləri dövlətlərin müharibənin nəticələrindən zərər görməsinə çalışırlar. Bu bütün müharibələrdə, istər sovet dövründə, istər Birinci və İkinci Dnüya müharibələrində özünü göstərib. Amma dünya indi dünya fərqlidir. Rəcəb Tayib Ərdoğanın da qeyd etdiyi kimi “dünya 5 -dən böyükdür”.

Türkiyə hazırda çox doğru mövqe sərgiləyir. Öncə öz ölkəsinin mənafeyini düşünür, daha sonra isə qonşu dövlətlərin və dünyanın gələcək taleyi ilə bağlı çox düzgün qərararlar verir. Dünya ölkələrinin müharibələrə qoşulub, yenidən Üçüncü Dünya Müharibəsinə sövq edilməsi yanlış qərardır. Doğru deyil”,- deyən politoloq hesab edir ki, bu səbəbdən də Türkiyənin apardığı siyasət doğru və uğurlu siyasətdir.

İstər iqtisadi, istərsə də siyasi baxımdan bitərəf mövqe nümayiş etdirmək, tərəf olmamaq, eyni zamanda müharibənin dayanmasına cəhd göstərmək və bu yöndə əməli addımlar atmaq daha məqsədəuyğundur. Politoloq vurğulayıb ki, humanitar dəhlizlərin açılmasında Türkiyə böyük rol oynayır, bu Rəcəb Tayib Ərdoğanın şəxsi nüfuzu sayəsində baş verir.

“Rəcəb Tayib Ərdoğanın dünya liderləri arasında olan nüfuzunun nəticəsidir ki, belə bir humnaitar dəhlizin - taxıl dəhlizinin qurulması baş tutdu. Bu səbəbdən gələcəkdə də mümkün müharibə və münaqişələrdə Türkiyənin mövqeyi belə qalarsa, barışdırıcı mövqe ilə çıxış edərsə, Türkiyə daha da böyük dövlətə çevriləcək. Dövlətlər və xalqlar arasında nüfuzu artacaq”,- deyə o əlavə edib.

Bizimyol.info