Ukrayna ordusu sosial şəbəkə istifadəçilərinə səsləndi: “Videoları yaymayın!”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əhaliyə müraciət edərək raket və bomba zərbələrinin nəticələrini əks etdirən görüntüləri sosial şəbəkələrdə yaymamağa çağırıb.

Ukrayna ordusunun baş qərargahı bunu onunla əlaqələndirib ki, görüntüləri qarşı tərəf də izləyir və növbəti atışlardakı hesablamalarda düzəlişlər etməyə cəhd göstərəcək. 

“Kiyev və Ukraynanın digər şəhərləri düşmənin raket və artilleriya hücumlarından əziyyət çəkir. Sosial şəbəkələr və məşhur informasiya resursları raket zərbələrinin nəticələrini və onların dəqiqliyini demək olar ki, real vaxt rejimində şərh edir. Biz bloqerlərə, ekspertlərlə və internet ictimaiyyətinin sıravi üzvlərinə müraciət edirik:

“Sizin paylaşdığınız operativ məlumatlar rusiyalı hərbçilərə növbəti atışı daha dəqiq tənzimləmək üçün şərait yaradır” - deyə Ukrayna Silahlı Qüvvələrinin müraciətində qeyd olunur.