Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuşdur

Turan Kərimli - ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

 

Hər bir dövlətin müstəqilliyinin möhkəmləndirilməsi və gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır. Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuşdur. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunmuşdu. 1971-ci ildə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyuldu. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.

1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər keçmiş SSRİ-nin aparıcı təhsil müəssisələrində təhsil alırdılar.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Ölkə başçısı cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Sözsüz ki, aparılan bu siyasətin ən parlaq nümunəsini biz 44 günlük Vətən müharibəsində gördük. Belə ki, Ordumuzun böyük qismini təşkil edən Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı.

Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də ölkəmizin inkişafı üçün əlindən gələni edəcək və Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəkdir.