Xalq öz Prezidentinə böyük etimad göstərir

Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun,dünyanın lider ölkələri sırasındadır. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət, həyata keçirdiyi kompleks islahatlar nəticəsində ölkəmiz inkişaf edir və beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə edərək hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirməklə Azərbaycanı müstəqil dövlət olaraq daha da gücləndirib, dünya miqyasında söz sahibi olan dövlətə çevirib.

Azərbaycanda 2003-cü ildən başlayan yeni islahatlar nəticəsində ölkədə çox mühüm dəyişikliklər baş vermiş və bir sıra nailiyyətlər əldə olunmuşdur. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbayacan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunaraq, dalan ölkəyə çevrildi. Bu Azərbaycanın iradəsinin, prinsipiallığının göstəricisi idi.

Ölkə başçımız İlham Əliyev dəfələrlə qeyd edir ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Əminliklə deyə bilərik ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Belə ki, bu illər ərzində ümumi daxili məhsul 3,2 büdcə gəlirləri 13,5 ölkənin strateji valyuta ehtiyatları 26,6, xarici ticarət dövriyyəsi 4,6, ixracın həcmi 6dəfə, əhalinin nominal gəlirləri 8,6 minimum əməkhaqqı 12,9, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. Bütün bunlar isə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, onların rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Həmin dövrdə 1 958 400 yeni iş yeri açılması, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımın verilməsi, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunması nəticədə işsizlik səviyyəsinin 9.2 faizdən 5 faizə, yoxsulluq səviyyəsinin isə 44.7 faizdən 5.4 faizə enməsinə səbəb olmuşdur. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Qeyd etmək lazımdır ki, onların sırasında qadın sahibkarlar da vardır. Xüsusi ilə vurğulamaq lazımdır ki, yaradılan münbit şərait nəticəsində qadın sahibkarların, eləcə də gənc sahibkarların sayları ildən ilə artmışdır. Sosial infrastrukturun inkişafı sahəsində böyük işlər görülmüş, 3100-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Ümumi generasiya gücü 3900 meqavata bərabər olan 30-dan çox elektrik stansiyası tikilmişdir.

Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılmış, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunmuş, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunmuşdur.

Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Qanunvericilik sahəsində çox mühüm sənədlər imzalanmış, qanunlar qəbul olunmuşdur. 2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı idə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirərək, Azərbaycançılıq məfkurəsi bərqərar etdi. Bu özünü 2018-ci ildə2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində daha açıq şəkildə göstərdi. Ölkəmizin və dövlətimizin qarşısında həllini gözləyən vacib məsələlər dayanırdı. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatların sürətləndirilməsi ilə çevik idarəetmənin qurulması kimi tale yüklü vəzifələrin yerinə yetirilməli idi. Bu baxımdan xalqın hakimiyyətə olan etimadını bir daha sınaqdan çıxarmaq üçün növbədənkənar seçkilərin keçirilməsi zərurəti yaranmışdı. Eyni zamanda, mövcud mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Bütün bu və ya digər amillər növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas faktorlar idi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da xalq öz seçimini etdi. 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Prezident İlham Əliyevin 11.04.2018-ci il tarixli andiçmə mərasimindəki çıxışı zamanı gələcək fəaliyyət istiqamətləri ilə bağlı çox inamla bildirdi ki, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və şaxələndirilməsi, eyni zamanda, təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi. Aparılan sosial, iqtisadi, siyasi və kadr islahatları ölkəmizin daha da inkişafına səbəb oldu. İqtisadiyyatımızda makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır.Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılmışdır. Ümumiyyətlə, son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir.Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir. Aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalmışdır. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə 5,9%-ə enmişdir.

Əlbəttə ki, bu gün Azərbaycanın ölkədə, regionda və dünyada yaratdığı yeni bir reallıq var. Nəhayət ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq 44 günlük müharibə nəticəsində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Xalqımız öz Prezidentinə inanır, etimad göstərir. Bundan sonra da xalq öz Prezidentinin ətrafında sıx birləşəcəkdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova