Xalq Prezidentini sevir, Prezidentinə inanır, Prezidentinə güvənir...

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk vaxtlar onun daxili siyasəti dövlətçiliyin itirilməsi təhlükəsini yaratmışdı. İdarəetmə dövlətçiliyin hüquqi tələbləri ilə uyğunlaşmırdı, hakimiyyət boşluğu yaranmışdı, Bunlar separatçılığı təhlükəli səviyyəyə çatdırmışdı. Belə bir vaxtda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Azərbaycan dövlətçiliyi labüd iflasdan xilas oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yaranmaqda olan milli qarşıdurmanı aradan qaldırdı, hakimiyyət dövlətçiliyin tələblərinə kökləndi, vəzifəyə həm qabiliyyətlilər, həm də qabiliyyəti ilə bərabər Vətəni sevənlər təyin edildi, dövlət strukturları yüksək qabiliyyətli kadrlarla komplektləşdirildi. Qısa müddətdə ordu quruculuğunda da həyata keçirilən tədbirlər ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasəti Azərbayncanın iqtisadi inkişafının təməlini hazırladı, Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutdu. Beynəlxalq müqavilələr Azərbaycanın iqtisadi inkişafının zəmanəti oldu...
Böyük dövlətçilik fenomeni olan dahi tarixi şəxsiyyət Heydər Əliyev geniş erudisiyaya, davamlı, dönməz siyasi istedada malik olan İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi. Gənc siyasətçi, gənc iqtisadçı, gənc dövləçilik fenomeni bu vəzifədə Ulu Öndərin, bu anlamda xalqın etimadını doğrultdu...
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində - oktyabrın 1-də Azərbaycan naminə xalqa müraciət etdi. Bu müraciət Azərbaycanın sabahlarına qayğıdan yaranmış müraciət idi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq bu müraciəti aqil kəlamı bildi, Azərbaycanın taleyinə ağsaqqal tövsiyəsi bildi. Bu müraciət xalqın istəyinin, niyyətinin mahiyyəti ilə səsləşirdi. Bu müraciət dövlətin, deməli xalqın taleyinə düşən işıq idi...
2003-cü il oktyabr ayının 15-də Azərbaycanın Prezidenti seçkiləri keçirildi. Xalq seçimini etdi. Seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Xalq inanırdı ki, İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirəcək, ölkədə sabitlik qorunacaq. Xalq heç zaman səhv etmir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikanın iqtisadi inkişafının tənzimlənməsi istiqamətində böyük, tarixi işlər gördü, Azərbaycan qısa müddətdə inkşaf etmiş dövlətlər səviyyəsinə çatdı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü, nəhəng infrastruktur layihələri həyata keçirildi, nəqliyyat sistemi yenidən quruldu, ölkəmizin dünyaya çıxışı təmin olundu.
Azərnbaycan Respublikasının Prezidenti seçilməmişdən əvvəl Milli Olimpiya Komitəsinin prezidenti olan cənab İlham Əliyev Azərbaycanda Olimpiya hərəkatının daha da yüksəldilməsini təmin etmişdi ki, bu da dövlətin tanınmasında, dünya dövlətlərinin ehtiramı ilə əhatələnməsində olduqca əhəmiyyətli olmuşdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan üçün, azərbaycanlılar üçün olduqca gərəkli, böyük işlər görüb. Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə olunub. Demokratik inkişaf baxımından həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda dayanıqlı, mütərəqqi siyasi sistem möhkömləndi. Qanunvericilik bazası təkmilləşdirildi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafının təsdiqi kimi tarixləşdi.
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə deyib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Azərbaycanda gənclər siyasəti birmənalı şəkildə dünya ölkələrinin bu istiqamətdə siyasətindən mütərəqqilik və millilik baxımından fərqlidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndiril-məlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
İkinci Qarabağ Müharibəsində Azərbaycanın bütün potensialı səfərbər olunmuşdu, ölkədə milli həmrəylik mühiti təmin edilmişdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya cəbhəsində də Ermənistanın bütün təbliğatının nəticəsiz qalmasına dünyanın aparıcı media qurumlarına müsahibələri ilə nail oldu. “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”.
Azərbaycan Respublikası indi dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. İstər siyasi imicinə görə, istər iqtisadi inkişafına görə Azərbaycan dünyəvi siyasətdə ehtiramla əhatələnən dövlətlərdən biridir. Buna görə dünya siyasətçiləri də, xalq da Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə böyük ehtiram göstərir, öz Prezidenti ətrafında sıx birləşmiş xalq Prezidentini sevir, Prezidentinə inanır, Prezidentinə güvənir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı