Xalqın ümidlərini doğruldan lider

Azərbaycan dövləti 20 ildir Ulu Öndər Heydər Əliyevin layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi kursunu və iqtisadi inkişafını davam etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmağından asılı olmayaraq çox böyük fəxarətlə cənab İlham Əliyevin ötən bu müddətdə Dünya azərbaycanlılarının Prezidenti olmağının şahidi oldu. Bütün xalqımız öz Prezidentinə inanır və bir yumruq kimi bu gün onun ətrafında birləşib.

Cənab İlham Əliyevin prezidentliyi dövründə milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalanıb. Bu, ölkədə yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına zəmin yaratdı. Bu dövrdə Starteji yol xəritələrinin yaradılması milli iqtisadiyyatımızın mühüm istiqamətlərinin inkişafını sürətləndirdi.

2004-cü ildən başlayaraq dünyada ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Son 20 ildə ölkədə Ümumi Daxili Məhsul istehsalı bir neçə dəfə, Büdcə gəlirlərimiz və Xarici ticarət dövriyyəsi on dəfələrlə artıb. Prezident İlham Əliyev uzaqgörənliyi sayəsində son 20 ildə respublikamızda müxtəlif sahələrə yönəldilən sərmayələrin ümumi həcmi bir neçə 100 milyard ABŞ dollarından çox olub. Bu sərmayələrin yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.

Milli iqtisadiyyatımızın inkişafı istiqamətində atılan ən mühüm addımlardan biri də nəhəng enerji layihələrinin həyata keçməsidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolunu yüksəltdi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, ölkəmizə Şərq və Qərbi birləşdirən strateji layihələrin keçdiyi bir ölkə statusunu qazandırdı.

Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələr cənab Prezidentin tarixi iqtisadi uğurları sırasına daxildir.

Ayrı-ayrı ölkələrin beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşdüyü bir dönəmdə Azərbaycan hətta pandemiya dövründə milli iqtisadiyyatın qorunması, iş yerlərinin saxlanılması, əhalinin sağlamlığının və sosial müdafiəsinin təmin olunması istiqamətində böyük maliyyə tutumlu layihələr reallaşdırdı. Hətta ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına, 60-dək ölkəyə yardımlar göndərdi.

Cənab İlham Əliyevin 20 illik prezidentlik dövründə həyata keçirilən çoxsaylı sosial layihələr, iqtisadiyyatın və qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etdirilməsi, geosiyasi proseslərdə öz qəti mövqeyini ortaya qoyması nəticəsində ölkəmiz iqtisadi və siyasi baxımından regional mərkəzə çevrildi. Dünyanın ən nəhəng enerji, nəqliyyat layihələrindən bir neçəsinin müəllifi olan Azərbaycan bu gün dünya dövlətlərinin ən etibarlı tərəfdaşına çevirib. Dövlətimizin başçısı ötən illər ərzində təbii sərvətlərimizdən əldə olunan gəlirləri düzgün idarəçiliyini təmin etməklə Azərbaycan dövlətinin qüdrətləndirdi, xalqımızın rifah halını yükəltdi.

Müzəffər Ali Baş Komandan xalqımıza Qarabağ Zəfərini qazandırdı. Bu gün bütün dünya azərbaycanlıları Prezident İlham Əliyevi yenilməz Lider kimi qəbul edir, ona tükənməz ehtiram bəsləyirlər. Qarabağ Zəfəri Azərbaycan Prezidentinin fəaliyyətində ən mühüm yer tutur. O, şanlı Qələbəni Azərbaycan tarixinə qızıl hərflərlə yazmış bir sərkərdədir. Prezident İlham Əliyev Qarabağın hər yerində Azərbaycan bayraqlarını ucaltdı, tarixi ədaləti bərpa etdi, sınmış qürurumuzu özümüzə qaytardı. Biz bu gün fəxrlə və qürur hissi ilə deyirik ki, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”ni məhz bu müqavilənin imzalandığı gündə-20 sentyabrda əsrin qələbəsinə çevirdi.

Vətən müharibəsindən sonra ölkəmiz işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verdi. Müharibə başa çatandan bəri qeyd olunan işlərə böyük vəsait yatırılıb. Azərbaycan bu vəsaitləri daxili imkanlar hesabına təmin edir..

Bu gün dördüncü sənaye inqilabına transformasiya Azərbaycanın qarşısına yeni çağırışlar qoyub. Burada dövlətin siyasi iradəsi, insan kapitalı, zəruri fiziki və institusional infrastrukturun qurulması ciddi əhəmiyyət kəsb edir. Ölkəmizdə dördüncü sənaye inqilabına transformasiyanı şərtləndirən əlverişli mühit mövcuddur.

Təbii ki, cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə görülən işlərdən, həyata keçirilən iqtisadi-sosial layihələrdən, əldə olunan siyasi dividentlər və hərbi uğurlardan saatlarla, günlərlə danışmaq mümkündür. Əsas odur ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin həyata keçirdiyi müxtəlif səpkili tədbirlərin nəticələrini görür və onun bəhrəsindən faydalanır.

Azərbaycan xalqının ümidlərini, etibarını doğruldan cənab Prezident İlham Əliyevə hər birimizin tükənməz inamımız var. Hesab edirəm ki, biz bir Azərbaycanlı olaraq, bir qalib millət olaraq cənab Prezidentin rəhbərliyi altında yaxın gələcəkdə yeni-yeni uğurlara imza ataraq dünyanı yaxşı mənada təəccübləndirə biləcəyik.

İltizam Yusifov

Milli Məclisin deputatı