Xankəndiyə komendant təyin edildi

Xankəndi şəhərinə komendant təyin edilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Sərdar Səfərov 13 yanvar 2023-cü ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Səfərov Sərdar Süleyman oğlu bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.

1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili Qoşunlarda xidmət etmiş və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xıdmət edib.

2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci ildəki sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Prezidentin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə görə", Prezidentin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.