Xilaskarlıq missiyası

SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız müstəqilliyini yenidən bərpa etsə də həmin vaxt xaos, anarxiya, ölkədə vətəndaş müharibəsi, Azərbaycanın yenicə bərpa etdiyi müstəqilliyini itirməsi təhlükəsi ilə səciyyələnirdi. Ərazi bütövlüyümüz pozulmuşdu, ölkə iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi, ölkədə hökm sürən özbaşınalıq, siyasi hərc-mərclik ölkədə iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Bacarıqsız idarəçilik, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Heydər Əliyevin hakimiyyətə qayışıdışına qədər olan dövr yalnız bu mənfi hallarla yaddaşlarımıza həkk olunub.

Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində-xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə qayıdışından sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev də bu məsuliyyəti olduqca dəqiq ifadə etmişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”.

1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi Milli Məclis tərəfindən qəbul edilmiş sıradan bir qərar deyildi, bu həmin vaxt üçün qəbul edilə biləcək yeganə, alternativsiz qərar idi. Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi dövlətçiliyimizin və müstəqilliyimizin xilası naminə atıla biləcək yeganə addım idi. Səriştəsiz, siyasi iradə və idarəetmə qabiliyyətindən məhrum olan, öz mənafeyini xalqın mənafeyindən üstün tutan, dövləti naminə deyil hakimiyyət uğrunda mübarizə aparan və ən əsası çətin və böhranlı vəziyyətdə xalqın yanında olmaq əvəzinə paytaxtı tərk edən həmin dövrün dövlət adamları ilə müqayisədə prezident səlahiyyətlərini yalnız Heydər Əliyev üzərinə götürə bilərdi. Bu Heydər Əliyevin uçurumun bir addımlığında qalmış Azərbaycan dövlətini xilas etmək kimi çox çətin, lakin çətin olduğu qədər də şərəfli bir missiyanı üzərinə götürdüyünün sübutu idi. Bu həm də “ömrümü xalqıma qurban verirəm” deyərək 15 iyun tarixində xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra dövləti xilas etmək yolunda meydana atılan Heydər Əliyevin misilsiz fədakarlığının davamı idi. 24 iyun tarixi xalqın iradəsinin tam qələbəsi demək idi, bununla ölkəmizdə Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu.

Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Milli Məclisin prezident səlahiyyətlərini Heydər Əliyevə həvalə etməsinə baxmayaraq Azərbaycanda demokratik cəmiyyət qurmaq ideyasının yaradıcısı olan Ulu Öndər özü ən böyük demokratiklik və şəffaflıq nümunəsi göstərərək, demokratik cəmiyyət qurmaq yolunda hər kəsə demokratiya dərsi verərək özündən əvvəlki prezidentə etimadsızlıq göstərilməsi məsələsini ümumxalq referendumu keçirilərək xalqın iradəsinə verməyi üstün tutdu. Çünki Heydər Əliyevin tabe olduğu yeganə qüvvə xalqın iradəsi idi. Həmin referendumun nəticəsi milli iradənin növbəti təzahürü, ədalətin və demokratiyanın təntənəsi kimi tarixə yazıldı.

Onu da qeyd edim ki, qısa müddət Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu müddətdə Azərbaycanda parlamentarizm ənənələrini kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun parlamentə rəhbərlik etdiyi dövr bizim üçün ən böyük parlamentarizm məktəbidir. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində isə xalqımız yekdil iradəsini bir daha ifadə edərək Heydər Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident kimi fəaliyyətinin ilk dövrlərini təhlil etdikdə görürük ki, Heydər Əliyev ilk növbədə ölkədə hökm sürən böhranlı vəziyyəti aradan qaldırmağa, xalqda mübariz və gələcəyə inanan əhval-ruhiyyənin yaradılmasına, xalqın birliyinin, özünüdərkinin, “azərbaycançılıq məfkurəsi”nin yaradılmasına nail olmuşdu. Heydər Əliyev dil, din, tarixi adət-ənənələrimizi, mədəni, mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirməklə onları ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirmişdir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin yeni çağırış və tələblərə uyğunlaşdırılması, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi idi. Müstəqilliyin ilk illərindəki qeyd etdiyimiz siyasi hərc-mərclik şəraitində bu vəzifənin həyata keçirilməsi mümkün deyildi. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra Azərbaycanda hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün əməli işlər görülmüşdür. Müstəqil Azərbaycanın qanunvericilik orqanı olan Milli Məclisə ilk demokratik seçkilər keçirildi, müstəqil Azərbaycanımızın ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Heydər Əliyev həm də Ali Baş Komandan kimi ordunun formalaşması üçün ən zəruri işləri görmüş, ən qısa müddət nizamlı Azərbaycan Ordusunun yaradılmasına və Qarabağ Müharibəsində atəşkəsin əldə edilməsinə nail olmuşdur.

Tam əsasla deyə bilərik ki, ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaması Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, müasir Azərbaycanın istənilən sahədə inkişafının təməlində də məhz Ulu Öndərin qayıdışı və onun xalqımız, dövlətimiz üçün etdiyi xidmətlər dayanır. 1993-cü il 24 iyun tarixində Ulu Öndərin prezident səlahiyyətlərini icra etməyə başlamasından 30 il keçir. Əminik ki, bundan sonra da həmin tarixi günün üzərindən hansı müddətin keçməsindən asılı olmayaraq ölkəmizə rəhbərlik edən istənilən şəxs üçün Ulu Öndərin rəhbərlik nümunəsi ən böyük yol göstəricisi olacaq. Çünki bu gün də Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcək inkişaf prespektivlərini müəyyən etməkdə davam edir.

 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov