Yevlaxlılar şanlı Zəfərin müəllifinə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Yevlax rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları, o cümlədən rayonun Aran qəsəbəsində və Yəldili kəndində, Yevlax şəhərində yeni salınmış abad həyətin ərazisində seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid valideynləri Fərman Kazımov, Mehti Adıgözəlov, təşviqat qrupunun üzvləri Əminə Əhmədova, Gülüstan Əliyeva, Minnət Mürsəlov, Telman Əsədov, Şakir İmanov, Vahid Quliyev çıxış ediblər. Bildirilib ki, daim çıxışlarında xalqımızın Qarabağa qayıdacağını, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya çatdıran Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözü tutdu, rəşadətli ordumuza və xalqımıza inanaraq parlaq Zəfər qazandı.

Qeyd edilib ki, keçiriləcək seçkilər ilk dəfədir ki, suveren və müstəqil Azərbaycanın bütün ərazisini əhatə edir. Məhz ona görə də bu tarixi hadisə bizim hər birimiz üçün qürurvericidir. 

Çıxışçılar seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər seçki günü Azərbaycan xalqına əbədi qürur hissi yaşadan, ərazi bütövlüyümüzü tam şəkildə təmin edən müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.